Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Cənub Qaz Dəhlizi" qapalı səhmdar cəmiyyətinin hasilat seqmentinin EBITDA göstəricisinin “Şahdəniz” yatağının təbii tükənməsi fonunda 2027-ci ildən etibarən tədricən azalacağını proqnozlaşdırır.
“"Cənub Qaz Dəhlizi"nin hasilat seqmenti “Şahdəniz” yatağının təbii tükənməsi ilə əlaqədar hasilat həcmlərinin tədricən azalması riski ilə üzləşir. Bundan əlavə, müqavilə üzrə qaz həcmlərinin əhəmiyyətli hissəsinin əmtəə qiymətlərinə indeksləşdirilməsi səbəbindən bu seqmentə qaz və neft qiymətləri də təsir göstərir”, – deyə agentliyin məlumatında qeyd olunur.
"Fitch"in qiymətləndirməsinə görə, 2025-ci ildə təxminən 700 milyon ABŞ dolları təşkil edən hasilat seqmentinin EBITDA göstəricisi 2026-cı ildə müvəqqəti olaraq artacaq, bundan sonra isə 2027-ci ildən etibarən tədricən azalmağa başlayacaq.
“Bu, hasilat həcmlərinin proqnozlaşdırılan azalmasına, eləcə də Brent markalı neftin və Niderlandın Title Transfer Facility (TTF) qaz habında qazın qiymətlərinin aşağı düşəcəyi gözləntilərinə uyğun olacaq”, – deyə agentliyin materiallarında bildirilir.