Bakı.Trend:
Türkmənistanın daimi bitərəflilik siyasəti beynəlxalq məsələlərin dinc, siyasi və diplomatik vasitələrlə həllinə töhfə verir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Bakıda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan dilində nəşr olunmuş “Türkmənistanın bitərəfliyi – sülh və etimadın parlaq yolu” kitabının təqdimatına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.
“Bu gün Türkmənistanın bitərəflilik nümunəsi mövcud məsələlərin danışıqlar masası arxasında dinc, siyasi və diplomatik yollarla tənzimlənməsinə və effektiv beynəlxalq əməkdaşlığın təmin edilməsinə müsbət təsir göstərən bir vasitə kimi qiymətləndirilir”, – deyə Elyasov qeyd edib.
Onun sözlərinə görə, Türkmənistan beynəlxalq arenada təşəbbüslərlə çıxış edərək, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində müntəzəm dialoqun aparılmasını dəstəkləyir.
Səfir, həmçinin Türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2020-ci ildə yaradılmış Neytrallıq Dostları Qrupunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Qrupun fəaliyyəti beynəlxalq dialoqun təşviqi və neytrallıq prinsiplərinə sadiq dövlətlərin sülhyaratma potensialından istifadə edilməsi ilə bağlıdır.
Elyasov vurğulayıb ki, sülh, harmoniya və humanizm prinsipləri müasir cəmiyyətin inkişafının əsasını təşkil edir. Mürəkkəb geosiyasi proseslər və qlobal çağırışlar fonunda bu prinsiplərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.