Bakı. Trend:
Bakıda 100-dən çox dövlət qurumu rəhbərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı başa çatıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
“Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” proqramı noyabrın 16–19-da Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə iki qrup üzrə keçirilib. Təlim AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və RİNN-in dəstəyi ilə təşkil olunub.
İştirakçılar praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektin tətbiqinə hazırlığını qiymətləndirmək, tətbiq imkanlarını müəyyənləşdirmək və yol xəritələri hazırlamaq üzrə yanaşmaları öyrəniblər.
Təlimdə süni intellekt agentləri ilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və tətbiq olunan həllərin effektivliyinin ölçülməsi məsələləri də əhatə olunub. İştirakçılar süni intellekt layihələrinin ictimai faydasının qiymətləndirilməsi və texnologiyanın təhlükəsiz və məsuliyyətli tətbiqi üzrə beynəlxalq təcrübə ilə tanış olublar.
Proqram Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
MSİM-in növbəti prioriteti dövlət qurumlarının süni intellektin tətbiqinə hazırlığını gücləndirmək və təlimdə əldə olunan biliklər əsasında konkret idarəetmə təşəbbüslərinin hazırlanmasına dəstək verməkdir.




