Bakı. Trend:
ABŞ-nin Alabama ştatında "Southern Natural Gas" şirkətinə məxsus qaz kəmərində yanğınla müşayiət olunan partlayış baş verib. İnsidentdən sonra qaz kəmərinin fəaliyyəti qismən dayandırılıb.
WBRC telekanalının məlumatına görə, kəmərin fəaliyyətinin nə vaxt bərpa olunacağı məlum deyil.
Samter dairəsi komissiyasının sədri Markus Kempbellin sözlərinə görə, partlayış açıq ərazidə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, binalara ziyan dəyməyib. Partlayışdan sonra ərazidəki bitki örtüyü yanıb. Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.
Operatorun məlumatına görə, boru kəmərinin zədələnmiş hissəsi sistemdən ayrılıb və həmin hissədə təzyiq aşağı salınıb. Yanğın söndürülüb, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb.
Zədələnmiş hissə Luiziana, Missisipi və Alabama ştatlarındakı hasilat rayonlarından ABŞ-nin cənub-şərqindəki istehlakçılara qaz nəql edən "Southern Natural Gas" sisteminə daxildir. "Kinder Morgan" şirkətinin saytında qeyd olunan məlumata görə, şəbəkənin ümumi uzunluğu təxminən 6,9 min mil (11,1 min kilometr) təşkil edir.
Sistem Luiziana, Missisipi, Alabama, Florida, Corciya, Cənubi Karolina və Tennessi ştatları da daxil olmaqla yeddi ştata, həmçinin Atlanta və Birmingem aqlomerasiyalarına xidmət göstərir. Bundan əlavə, sistem Corciya ştatının Savanna şəhəri yaxınlığında yerləşən Elba Island mayeləşdirilmiş təbii qaz (LNG) terminalı ilə də əlaqəlidir.
AL.com nəşrinin məlumatına görə, qəza baş verdikdən sonra operator fors-major vəziyyəti elan edib və zədələnmiş hissədən nəql edilə bilən qazın həcmini məhdudlaşdırıb.