Bakı.Trend:
SIMEST Azərbaycana investisiya yatırmaq istəyən İtaliya şirkətlərinə güzəştli maliyyələşmə təqdim edəcək.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu SIMEST şirkətinin xarici əlaqələr üzrə direktoru Françeska Aliata Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır və iki ölkənin əsas məqsədi mövcud ticarət əlaqələrini hər iki tərəf üçün investisiyalar, tərəfdaşlıqlar və əlavə dəyər yaradılmasını təmin edə biləcək daha sistemli sənaye əməkdaşlığına çevirmək olmalıdır.
Aliata qeyd edib ki, "SIMEST Cassa Depositi e Prestiti "(CDP) qrupuna daxildir və 35 ildən artıqdır ki, İtaliya şirkətlərinin beynəlmiləlləşməsini dəstəkləyir.
O bildirib ki, şirkət İtaliya müəssisələrinin xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini genişləndirməsini dəstəkləmək məqsədilə dövlət maliyyə resursları təqdim edir. Bu fəaliyyət CDP, SACE, ICE, ticarət-sənaye palataları və Confindustria da daxil olmaqla, İtaliyanın biznesə dəstək sisteminin digər qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Aliatanın sözlərinə görə, SIMEST-in portfeli təxminən 30 milyard avro təşkil edir, şirkət 124-dən çox ölkədə fəaliyyət göstərir və 15,4 mindən artıq müəssisəyə dəstək göstərib.
"Yalnız 2025-ci ildə biz 8 milyard avrodan çox – təxminən 8,5 milyard avro həcmində maliyyə resursları ayırmışıq. Bununla da 2 300-dən çox İtaliya müəssisəsinin maraqları naminə 10 milyard avrodan artıq investisiyanın cəlb olunmasını təmin etmişik. Həmin müəssisələrin 90 faizini kiçik və orta sahibkarlıq subyektləri təşkil edir", – deyə o bildirib.
Aliata vurğulayıb ki, SIMEST bu maliyyə alətlərini Azərbaycana investisiya yatırmaqda maraqlı olan İtaliya şirkətlərinə də təqdim etmək niyyətindədir.
O qeyd edib ki, şirkətin əsas vəzifəsi müəssisələrə, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinə yeni bazarlara çıxmaqda, beynəlxalq mövqelərini gücləndirməkdə və inkişaf imkanlarını reallaşdırmaqda dəstək göstərməkdir.