Bakı.Trend:
İtaliya Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin genişləndirilməsini tam dəstəkləyir.
Bu barədə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumu ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Antonio Tayani qeyd edib ki, Azərbaycan İtaliyanın etibarlı və əvəzolunmaz enerji tərəfdaşıdır. Belə ki, 2026-cı ilin birinci yarısında Azərbaycan ölkənin qaz idxalının 16 faizi, neft idxalının isə 13 faizini təmin edib
“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) xüsusilə 2022-ci ildən etibarən enerji təhlükəsizliyimizin gücləndirilməsində mühüm rol oynayıb. İtaliya və Avropaya qaz tədarükünü artırmaq üçün boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsini tam dəstəkləyirik. SOCAR-ın İtaliyanın "Italiana Petroli" şirkətinə yiyələnməsi tərəfdaşlığımızda daha bir mühüm mərhələ oldu. SOCAR-ın Yaxın Şərqdə hazırkı böhran dövründə İtaliyada yanacaq qiymətlərini məhdudlaşdırmaqla bağlı könüllü qərarını da yüksək qiymətləndiririk. Bu, İtaliya ailələrinə və müəssisələrinə ünvanlanmış dostluğun bariz nümunəsidir”, – deyə Baş nazirin müavini əlavə edib.
O, həmçinin qeyd edib ki, “Abşeron” qaz yatağının işlənməsi, SOCAR-ın Sumqayıtda neft emalı zavodunun tikintisi ilə bağlı planları və Bakının nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, iri layihələr İtaliya şirkətləri üçün konkret imkanlar yaradır
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən 878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənubunda quruya çıxır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.