Bakı.Trend:
İtaliya bərpa olunan enerji istehsalı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görür.
Bu barədə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Bakıda keçiriləcən İtaliya-Azərbaycan biznes forumu ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
O qeyd edib ki, enerji keçidi İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur.
“İtaliya şirkətləri artıq emissiyaların azaldılması, bioyanacaq və peşəkar səriştələrin inkişafı kimi istiqamətlərdə SOCAR ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın bərpa olunan enerji istehsalı, ötürücü infrastrukturun inkişafı və innovativ texnologiyaların tətbiqi sahələrinə genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük. İtaliya “Yaşıl Enerji Dəhlizi” və Transxəzər Elektrik Enerjisi Dəhlizi layihələrinin texniki-iqtisadi əsaslandırma işlərinin aparılmasını dəstəkləyir. Bu layihələr Mərkəzi Asiyadan bərpa olunan enerjinin Azərbaycan vasitəsilə Avropa bazarlarına çatdırılmasına imkan yarada bilər. Həmin layihələr həmçinin Qara dəniz və Adriatik regionlarının, eləcə də İtaliyanın xarici siyasətinin əsas prioritetlərindən biri olan Qərbi Balkanların strateji əhəmiyyətini gücləndirir”, – deyə Tayani izah edib
O bildirib ki, Azərbaycan İtaliyanın yaxın dostu və strateji tərəfdaşıdır.
Məqsədimiz enerji sahəsindən xeyli kənara çıxan əməkdaşlığı genişləndirməklə iki ölkə arasında iqtisadi əlaqələrin bütün potensialını reallaşdırmaqdır", – deyə o bildirib.
Tayani qeyd edib ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 8 milyard avroya yaxınlaşıb, 2026-cı ildə isə İtaliyanın ixracı 14 faizdən çox artıb.
"Biz təkcə ticarəti stimullaşdırmaqla kifayətlənməyərək, birgə müəssisələrin yaradılmasını, sənaye sahəsində tərəfdaşlığı və qarşılıqlı investisiyaları təşviq etməklə bu müsbət dinamikanı inkişaf etdirmək niyyətindəyik. İtaliya şirkətləri qabaqcıl texnologiyalar və sənaye sahəsində geniş təcrübə təklif edir, həmçinin yerli tərəfdaşlarla sıx əməkdaşlıq sahəsində zəngin təcrübəyə malikdirlər.
Energetika və infrastrukturla yanaşı, qabaqcıl istehsal, kritik xammal, əczaçılıq, aqrobiznes və rəqəmsal texnologiyalar kimi sahələrdə də perspektivli imkanlar görürük. Ələt Azad İqtisadi Zonası bu baxımdan mühüm rol oynaya bilər. Zona regional bazarlarda fəaliyyətini genişləndirmək istəyən İtaliya şirkətləri üçün platformaya çevrilə bilər”, – deyə Tayani vurğulayıb.