Bakı.Trend:
Almaniyanın hakim koalisiyasına daxil olan Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku və Sosial Demokrat Partiyası (SPD) miqrasiya siyasətində yeni islahatlar paketi üzərində müzakirələr aparır.
BILD nəşrinin məlumatına görə, təklif olunan dəyişikliklər koalisiya sazişində nəzərdə tutulan müddəalardan daha genişdir.
Xristian demokratlar Almaniya vətəndaşlığını əldə etmək üçün ölkədə minimum yaşama müddətinin beş ildən səkkiz ilədək artırılmasını təklif edirlər. Bundan əlavə, ikili vətəndaşlıq imkanının yalnız müstəsna hallarda verilməsini istəyirlər. Bu dəyişikliklər artıq iki pasporta malik olan şəxslərə şamil edilməyəcək.
Həmçinin, alman dili biliyinə dair tələblərin B1 səviyyəsindən B2 səviyyəsinədək yüksəldilməsi planlaşdırılır. Vətəndaşlıq almaq üçün müraciət edən şəxslərin naturalizasiya prosesinin bütün gözləmə müddəti ərzində sosial yardım almasına da qadağa qoyulması təklif edilir.
Bunun müqabilində CDU/CSU Almaniyada işləyən və ya peşə təhsili alan əcnəbilərin ölkədə yaşamaq hüququ əldə etmək imkanlarının genişləndirilməsi ilə bağlı sosial demokratların təklifini dəstəkləməyə hazırdır.
BILD-in məlumatına görə, SPD hələlik koalisiya tərəfdaşlarının təkliflərini nəzərdən keçirir. Yeni islahatlar paketi üzrə ilk danışıqların artıq gələn həftə keçirilməsi mümkündür.