Bakı. Trend:
Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında təcrübə mübadiləsi aparılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata əsasən, Özbəkistan Mərkəzi Bankının (ÖMB) sədr müavini Abrorkhuja Turdalievin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Mərkəz Bankda işgüzar səfərdə olub. Səfər çərçivəsində Mərkəzi Bankın müxtəlif strukturları tərəfindən keçirilən təqdimat və görüşlərdə müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva və baş direktor Rəşad Məmmədovla görüşüb. Görüşlərdə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, AMB sədri Taleh Kazımov ötən ay keçirilən mətbuat konfransında bildirib ki, qurum xarici maliyyə institutlarının, o cümlədən bankların, eləcə də kapital bazarı və sığorta sektorunda fəaliyyətinin genişlənməsinə açıqdır.
Onun sözlərinə görə, xarici investorların Azərbaycanın maliyyə sektoruna marağını artırmaq məqsədilə beynəlxalq tədbirlərdə iştirak edir və ölkənin maliyyə imkanlarını təqdim edir.
“Biz xarici bank sektoru ilə yanaşı, kapital bazarlarına və sığorta sektoruna da çox açığıq. Mənim tez-tez xaricə getməyimin və müxtəlif konfranslarda çıxış etməyimin səbəblərindən biri də Azərbaycanın maliyyə sektorunu təbliğ etməkdir. Əksinə, ölkəmizin maliyyə sektorunu tanıtmaq lazımdır ki, marağı olanlar suallar versin və Azərbaycana gəlsin”, – deyə T.Kazımov bildirib.
AMB sədri Azərbaycanla digər ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi məsələsinə də toxunub. O qeyd edib ki, müxtəlif ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirən beynəlxalq rəqəmsal platforma hazırda mövcud deyil.
T.Kazımovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə ayrı-ayrı ölkələrin mərkəzi bankları ilə ikitərəfli danışıqlar aparır və artıq bir-iki ölkə ilə daha detallı müzakirələrə başlayıb.

