Bakı. Trend:
“Times Higher Education” (THE) Sahələrarası Elm Reytinqi 2027-nin (THE Interdisciplinary Science Rankings 2027) nəticələri açıqlanıb.
Dünyanın nüfuzlu ali təhsil müəssisələrinin qiymətləndirildiyi reytinqdə UNEC mövqeyini ötən illə müqayisədə 150 pillə yaxşılaşdıraraq 351–400-cü yerlər qrupundan 201–250-ci yerə yüksəlib.
Bu nəticə ilə UNEC həm Azərbaycanda, həm də Cənubi Qafqaz regionunda 1-cidir.
UNEC-in dünən açıqlanan QS Dayanıqlılıq Reytinqi 2027-dəki liderliyinin ardınca bugünkü uğuru onun qlobal elm və təhsil məkanında rəqabət qabiliyyətinin, fənlərarası tədqiqat potensialının və elmi ekosisteminin davamlı inkişafının göstəricisidir. Eyni zamanda UNEC-in THE-nin digər qlobal reytinqlərində (World University Rankings 2027 və Impact Rankings) əldə etdiyi ardıcıl yüksəlişlərin davamıdır.
“UNEC-100” İnkişaf Strategiyasına uyğun olaraq qazanılan bu nailiyyət universitetin beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsinə, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığın genişlənməsinə, eləcə də istedadlı magistrant, doktorant və beynəlxalq elmi layihələrin cəlb olunmasına geniş imkanlar açır.
Qeyd edək ki, THE Sahələrarası Elm Reytinqi universitetlərin fənlərarası elmi tədqiqat potensialını 3 əsas istiqamət üzrə dəyərləndirir: Resurslar və imkanlar (Inputs) — tədqiqatların maliyyələşdirilməsi və infrastruktur dəstəyi; Tədqiqat prosesləri (Process) — elmi idarəetmə, təşviq mexanizmləri və inzibati dəstək; Elmi nəticələr və təsir (Outputs) — fənlərarası elmi nəşrlərin sayı, keyfiyyəti və beynəlxalq istinad göstəriciləri.
https://www.timeshighereducation.com/world-university-rankings/azerbaijan-state-university-economics