Bakı.Trend:
Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində daha ciddi irəliləyiş əldə etməsi ölkənin kredit reytinqlərinin gələcəkdə daha da yüksəldilməsi üçün zəmin yarada bilər.
Bu barədə Niderlandın "ING Group" şirkətinin çərşənbə günü dərc etdiyi hesabatda bildirilib.
ING-nin qiymətləndirməsinə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistanın kredit reytinqinin yüksəldilməsinə töhfə verib.
"Hazırda reytinq agentliklərinin müsbət proqnozları yüksək iqtisadi artımın daha geniş miqyas alaraq davamlı xarakter daşıyıb-daşımayacağı məsələsini ön plana çıxarır. Struktur islahatlarının davam etdirilməsi, ixracın və məşğulluğun artırılması, dövlət borcunun sabitləşməsini təmin edən büdcə konsolidasiyası, daxili kapital bazarının inkişafı hesabına borclanma xərclərinin azaldılması, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində davamlı irəliləyiş əldə edilməsi reytinqin gələcəkdə daha da yüksəldilməsi üçün zəmin ola bilər", - deyə hesabatda qeyd olunub.
ING analitiklərinin fikrincə, əsas risklər geosiyasi gərginliyin yenidən artması, daxili siyasi qeyri-sabitlik və ya 2022-ci ildən sonra iqtisadi artımı təmin edən amillərin zəifləməsi ilə bağlıdır. Bu amillərin məhsuldarlığın artırılmasına yönəlmiş investisiyalarla əvəzlənməməsi də risklər sırasındadır.
"Vəziyyətlə bağlı qiymətləndirməmiz bir qədər az nikbinlik ifadə edir. Büdcə və cari əməliyyatlar hesablarında davam edən ikili kəsir, eləcə də Rusiya ilə sıx iqtisadi əlaqələr Ermənistanın əsas həssas nöqtələri olaraq qalır. Ermənistanın qaz idxalının təxminən 80 faizi, xarici ticarət dövriyyəsinin üçdə biri və ölkəyə daxil olan pul köçürmələrinin ümumi həcminin təxminən üçdə ikisi Rusiyanın payına düşür. Baza ssenarimiz iqtisadi əlaqələrin Rusiya ilə kəskin şəkildə kəsilməsini deyil, tədricən şaxələndirilməsini nəzərdə tutur. Bununla belə, Rusiya ilə əlaqəli maliyyə və iqtisadi axınlardan asılılığın davam etməsi reytinqin gələcəkdə yüksəldilməsi perspektivlərini reytinq agentliklərinin müsbət proqnozlarından daha ehtiyatlı qiymətləndirməyimizin səbəbini izah edir", - deyə hesabatda vurğulanıb.
ING-in proqnozuna görə, Ermənistanın kredit reytinqləri, böyük ehtimalla, hazırkı BB- səviyyəsində sabitləşəcək. Bununla belə, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində daha ciddi irəliləyiş reytinqlərin gələcəkdə yüksəldilməsi üçün zəmin yarada bilər.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar.