Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları və media subyektləri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə növbəti görüş keçirilib.
Trend-in görüşdə iştirak edən müxbiri xəbər verir ki, görüşdə korrupsiyaya qarşı görülən tədbirlər, xidmət keyfiyyətinin yüksəldilməsi üçün tətbiq olunan yeniliklər və dövlət xidmətlərinin rəqəmsallaşdırılması barədə məlumat verilib.
Çıxışlarda idarəetmədə dürüstlüyün təmin edilməsi, korrupsiya risklərinin azaldılması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan danışılıb. Bildirilib ki, xidmətlərin elektron formata keçirilməsi bürokratik maneələrin aradan qaldırılmasına kömək edir.
Tədbirdə vətəndaşların “mygov” platforması vasitəsilə fərdi hərbi uçot məlumatlarına necə baxa bildikləri əyani şəkildə göstərilib. Qeyd olunub ki, vətəndaşlar Xidmətin inzibati binalarına getmədən öz məlumatlarına baxa, elektron sənədləri PDF formatında saxlaya və paylaşa bilirlər.
Görüşün sonunda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.



