Bakı. Trend:
Noyabrın 17-də Bakıda proqramına Fransa, Belçika və İsveçrənin istehsalı olan dörd filmin daxil edildiyi Frankofon Filmlər Festivalının açılışı keçirilir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, festival Fransanın, İsveçrənin və Belçikanın Azərbaycandakı səfirlikləri tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil olunub.
Festivalın əsas məqsədi azərbaycanlı tamaşaçıları frankofon ölkələrin zəngin kino irsi ilə tanış etmək, mədəniyyətlərarası dialoqa töhfə vermək və dünya kinosunun diqqətəlayiq nümunələrini geniş auditoriyaya təqdim etməkdir.
Festival noyabrın 17-də fransalı rejissor Emmanuel Kurkolun (Emmanuel Courcol) 2024-cü ildə çəkdiyi "Orkestr qardaşları" (En fanfare / The Marching Band) musiqili dram-komediyasının nümayişi ilə açılır. Film əvvəllər varlığından xəbərdar olmadığı qardaşının olduğunu öyrənən dünya şöhrətli dirijordan bəhs edir. Tamamilə fərqli sosial şəraitdə böyüyən qardaşlar ortaq dil tapmağa çalışırlar/ Onlardan biri məşhur orkestrlərə rəhbərlik edir, digəri isə məktəb yeməkxanasında işləyir və yerli nəfəs alətləri orkestrində trombon ifa edir. Film ailə bağları, sosial bərabərsizlik və musiqinin insanları birləşdirən gücü mövzularına toxunur.
Noyabrın 24-də belçikalı rejissorlar Jan-Pyer və Lük Dardenlərin (Jean-Pierre və Luc Dardenne) 2011-ci ildə çəkdikləri "Velosipedli oğlan" (Le Gamin au vélo) filmi tamaşaçılara təqdim olunacaq. Filmin mərkəzində atasının sevgisini və qayğısını axtaran bir oğlanın hekayəsi dayanır. Ekran əsərində ailə münasibətləri, sosial məsuliyyət və insan həmrəyliyi məsələləri əks olunur.
Dekabrın 1-də fransalı rejissor Klod Şabrolun (Claude Chabrol) ilk tammetrajlı bədii filmi olan "Yaraşıqlı Serj" (Le Beau Serge, 1958) nümayiş etdiriləcək. Fransız "Yeni dalğa"sının formalaşmasında mühüm rol oynamış bu film dostluq, mənəvi məsuliyyət və insanlar arasındakı münasibətlərin ziddiyyətlərinə həsr olunub.
Festivalın proqramına dekabrın 8-də isveçrəli rejissor Kiril Şoyblinin (Cyril Schäublin) 2022-ci ildə çəkdiyi "Narahatlıq" (Unrueh / Unrest) tarixi dramı ilə yekun vurulacaq. Filmin hadisələri XIX əsrin sonlarında saat istehsalı ilə tanınan kiçik İsveçrə şəhərində cərəyan edir. Baş qəhrəman Jozefina fabrikdə çalışır və saat mexanizmləri hazırlayır. Texnoloji dəyişikliklər, əmək fəaliyyətinin təşkili, zaman və pul dövriyyəsinə yeni yanaşmalar fonunda o, yerli anarxist saat ustalarının hərəkatına qoşulur. Burada rusiyalı səyyah və kartoqraf Pyotr Kropotkinlə tanış olur.
Festival müxtəlif bədii yanaşmaları, fərqli dövrlərdə və cəmiyyətlərdə yaşayan insanların hekayələrini təqdim etməklə Avropa kinosunun klassik və müasir nümunələrini bir araya gətirir.
Filmlər hər çərşənbə axşamı saat 19:00-da CineMastercard Azerbaijan kinoteatrında nümayiş etdiriləcək.
Xəbər yenilənir...