Bakı. Trend:
Bakıda keçirilən frankofon filmlər festivalı yerli tamaşaçıları müasir frankofon kinematoqrafiyasının müxtəlifliyi ilə tanış etmək və ortaq dilin birləşdirdiyi müxtəlif ölkələrin filmlərini təqdim etmək məqsədi daşıyır.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut çərşənbə axşamı Bakıda Fransa, Belçika və İsveçrənin filmlərinin nümayiş olunduğu Frankofon Filmlər Festivalının açılışında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, festival Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq çərçivəsində, həmçinin Belçika və İsveçrə səfirliklərinin iştirakı ilə təşkil olunub.
"Bizim üçün Azərbaycan tamaşaçılarına fransız intellektual kinosunu təqdim etmək çox vacibdir. Frankofon ölkələr təxminən 400 milyon insanı birləşdirir və hər il 350-yə yaxın film istehsal edir. Bu, frankofon dünyası üçün əhəmiyyətli bir sənayedir", – deyə səfir qeyd edib.
O vurğulayıb ki, festivalın məqsədi yalnız dil birliyini deyil, həm də frankofon ölkələrin milli kinematoqrafiyalarının müxtəlifliyini nümayiş etdirməkdir.
Laqutun sözlərinə görə, təqdim olunan filmlərdə ölkəsindən və mədəni kontekstindən asılı olmayaraq, tamaşaçılara yaxın olan universal mövzulara toxunulur. Bunlar arasında sosial və coğrafi mobillik, ailə münasibətləri və onlarla bağlı çətinliklər, eləcə də böyümə dövrünün problemləri var.
Səfir qeyd edib ki, Azərbaycan tamaşaçıları klassik fransız kinosu ilə yaxşı tanışdırlar, lakin müasir fransız filmləri yerli tamaşaçılar üçün hər zaman əlçatan olmur.
"Buna görə də yeni filmləri, o cümlədən bu axşam Azərbaycan dilində subtitrlərlə nümayiş etdirdiyimiz ekran əsərini buraya gətirmək bizim üçün vacib idi. Biz onları mümkün qədər geniş auditoriya üçün əlçatan etmək və yaxşı tanınan klassik əsərlərdən kənarda fransız kinosunun yeni tərəflərini açmaq istəyirik", – deyə o bildirib.
Laqut xatırladıb ki, 2025-ci ildə də Bakıda fransız kinosu günləri keçirilib və tamaşaçılar tərəfindən müsbət rəylər alıb.
Onun sözlərinə görə, təşkilatçılar Frankofon Filmlər Festivalını müntəzəm tədbirə çevirmək istəyirlər. Hazırkı festivalın açılışına tamaşaçıların göstərdiyi maraq onun davam etdiriləcəyinə ümid etməyə əsas verir.