Bakı. Trend:
Azərbaycanda rezident həkimlərin xəstəxanalarda göstərdikləri tibbi xidmətə və daşıdıqları məsuliyyətə uyğun əlavə əməkhaqqı almaları üçün mexanizm yaradılmalıdır.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, rezident həkimlərin əməkhaqqı məsələsi insan kapitalı ilə birbaşa bağlıdır və bu sahədə əsas məsələlərdən biri təhsil prosesi ilə əmək fəaliyyətinin bir-birindən fərqləndirilməsidir.
Onun sözlərinə görə, rezidentura ixtisas təhsilinin davamı olsa da, rezident həkimlər eyni zamanda xəstəxanalarda real tibbi xidmətlərin göstərilməsində iştirak edir, konkret iş və məsuliyyət daşıyırlar.
“Onların təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə yanaşı, gördükləri işə görə xəstəxanalarla əmək münasibətləri çərçivəsində əlavə əməkhaqqı almaları üçün mexanizm yaradılmalıdır”, – deyə R.Mahmudov qeyd edib.
Deputat əlavə əməkhaqqı mexanizminin mövcud tibbi xidmət tarifləri çərçivəsində də nəzərdən keçirilə biləcəyini bildirib.
R.Mahmudov, həmçinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyətinin əməkhaqqı məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, institutun əməkdaşları yalnız tədrislə məşğul olmur, həm də həkimlərin davamlı peşəkar inkişafında və yeni mütəxəssislərin hazırlanmasında mühüm rol oynayırlar.
Deputatın fikrincə, həmin əməkdaşların əməkhaqqı sistemi elmi-pedaqoji fəaliyyətləri, peşəkar məsuliyyətləri və klinik xidmətləri nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir.