Bakı.Trend:
Cənubi Afrika Respublikasında gün ərzində atışma ilə müşayiət olunan hücumlar nəticəsində 17 nəfər öldürülüb.
TASS-ın məlumatına görə, bu barədə ölkənin Milli Polisi məlumat yayıb.
Polisin Qautenq əyaləti üzrə komissarı, general-leytenant Tommi Mtombeni SABC radiostansiyasının efirində bildirib ki, bazar ertəsinə keçən gecə Pretoriya şəhərinin Ceffsvil ətrafında yerləşən evlərdən birində doqquz nəfər qətlə yetirilib. Onun sözlərinə görə, öldürülənlər arasında üç qadın var.
“Cinayətkarların axtarışı üçün əlavə qüvvələr səfərbər edilib. Hələlik heç kim saxlanılmayıb, hücumun motivləri araşdırılır”, – deyə o bildirib.
Polisin nümayəndəsi, polkovnik Robert Netşiundanın verdiyi məlumata görə, bazar ertəsinə keçən gecə naməlum şəxslər Kvazulu-Natal əyalətinin paytaxtı Pitermaritsburq şəhərinin ətrafında mikroavtobusu atəşə tutublar. Hadisə nəticəsində səkkiz həyatını itirib. Hazırda hücum edən şəxslərin axtarışı davam edir.
Polis hər iki kütləvi qətl hadisəsi ilə bağlı hər hansı məlumatı olan sakinləri bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyə çağırıb.