Bakı.Trend:
Niderland həbsxanalarında yer çatışmazlığı səbəbindən bəzi məhbuslar cəzalarının başa çatmasını gözləmədən azadlığa buraxıla bilərlər.
Bu barədə "NU.nl" portalı ölkənin Ədliyyə Nazirliyinin dövlət katibi Klaudiya van Brüqenin parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumata görə, həbs müddətinin maksimum dörd həftə azaldılması nəzərdə tutulur. Bu tədbir yalnız iki ilədək (iki il də daxil olmaqla) müddətə azadlıqdan məhrum edilmiş kişilərə şamil olunacaq.
Portalın məlumatına görə, van Brügen daha əvvəl də belə bir ehtimalı istisna etməyib. Onun sözlərinə görə, həbsxana sisteminə düşən yükün artması səbəbindən hakimiyyət bu addımı atmağa məcburdur.
Hələ 2024-cü ilin sonunda ədliyyə nazirinin əvvəlki dövlət katibi İnqrid Kunradi həbsxanalarda yerlərin kritik dərəcədə çatışmadığını açıqlamışdı. O, məhbusların cəzalarının başa çatmasına iki həftə qalmış azadlığa buraxılmasını nəzərdə tutan plan hazırlamışdı.