Bakı.Trend:
Yaxın Şərqdə ABŞ və İran arasında münaqişənin nizamlanmasından sonra neft tədarükünün bərpasının gözlənilməsi fonunda 2027-ci ildə dünya neft bazarında əhəmiyyətli dərəcədə neft artıqlığı yarana bilər. Bu isə neft qiymətlərinə təzyiqi gücləndirəcək.
Bu barədə "Fitch Solutions" şirkətinin bölməsi olan BMI-nin analitik hesabatında deyilir.
BMI-nin baza proqnozuna əsasən, 2027-ci ilin dördüncü rübündə “Brent” markalı neftin orta qiyməti bir barel üçün 67 dollar təşkil edəcək.
“Hər hansı səmərəli "OPEC+" müdaxiləsi nəticəsində qiymətlər bir barel üçün 70-75 dollar diapazonunda saxlanıla bilər. Lakin ən iri istehsalçılar qiymətləri qorumaq əvəzinə bazar paylarını artırmağa üstünlük versələr, neftin qiyməti bir barel üçün 50-60 dollara qədər enə bilər”, - deyə hesabatda qeyd olunur.
BMI-nin qiymətləndirməsinə görə, "OPEC+" 2027-ci ildə bazarı tənzimləmək üçün tədbirlər görəcək. Bununla belə, həmin tədbirlərin əhəmiyyətli təklif artıqlığının qarşısını almaq üçün kifayət etməyəcəyi ehtimal olunur.
Qrup daxilindəki fikir ayrılıqları qiymətlərin qorunmasına yönələn səyləri çətinləşdirəcək. Münaqişənin iqtisadi nəticələrinin ölkələr üzrə qeyri-bərabər olması OPEC+ iştirakçıları arasında hasilat imkanları, büdcə təzyiqləri və iqtisadi siyasətin prioritetləri baxımından mövcud fərqləri daha da dərinləşdirəcək. Eyni zamanda, yalnız məhdud sayda istehsalçının hasilatı əhəmiyyətli dərəcədə azaltmağa hazır olması təklifin məhdudlaşdırılması ilə bağlı əsas yükün yenidən Səudiyyə Ərəbistanının üzərinə düşməsinə səbəb ola bilər.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "OPEC+"dan çıxması da əlavə qeyri-müəyyənlik yaradır. Nəticədə qrup ənənəvi olaraq hasilatın azaldılmasına töhfə verən iştirakçılardan birini itirir, BƏƏ isə hasilat strategiyasını müstəqil şəkildə müəyyənləşdirmək imkanı əldə edir. Qiymətlərin aşağı düşdüyü şəraitdə ölkənin hasilatı məhdudlaşdırmağa nə dərəcədə hazır olması "OPEC+"in mümkün yeni tədbirlərinin effektivliyi baxımından mühüm əhəmiyyət daşıyacaq.
BMI qeyd edir ki, 2026-cı ildə "OPEC+"un siyasəti neft qiymətlərinə məhdud təsir göstərib. Formal olaraq, qrup aprel-sentyabr ayları ərzində hasilat üzrə hədəf göstəricilərini hər ay artıraraq 2023-cü ildə razılaşdırılmış gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətlərinin mərhələli şəkildə ləğvini başa çatdırıb. Lakin Yaxın Şərqdəki münaqişənin səbəb olduğu regionda neft ixracı ilə bağlı fasilələr nəticəsində faktiki hasilat müəyyən edilmiş hədəf göstəricilərindən xeyli geri qalıb.
İxrac axınları münaqişədən əvvəlki səviyyələrə yaxınlaşdıqca neft hasilatı da artır. BMI cari rübdə hasilatın daha da artacağını gözləyir. Bununla yanaşı, regiondan tədarük yeni fasilələr riski ilə üzləşməkdə davam etdiyindən bərpa prosesi hələ də qeyri-sabit olaraq qalır.
“Vaşinqton və Tehran arasında razılaşmalar əldə edilənədək hasilat və ixracla bağlı fiziki məhdudiyyətlər, eləcə də geosiyasi risklərə görə qiymətlərə əlavə olunan mükafatın dəyişməsi qiymət dinamikasına təsir göstərməkdə davam edəcək.
2027-ci ilin birinci rübündə Hörmüz boğazının açılması ilə bağlı ilkin razılaşma əldə oluna bilər. Bu, dəniz gəmiçiliyi üçün təhlükəsizlik şəraitinin yaxşılaşmasına, fraxt və sığorta bazarlarının normallaşmasına, həmçinin logistika məhdudiyyətlərinin aradan qaldırılmasına imkan verəcək.
Nəticədə region ölkələrindən neft ixracı sabitləşəcək və hasilatın artması ilə münaqişədən əvvəlki səviyyələri ötəcək.
Oktyabr ayında Fars körfəzi ölkələrinin hasilat güclərindən tam istifadə olunmurdu və boş hasilat güclərinin həcmi gündəlik təxminən 7 milyon barel təşkil edirdi. Bu güclərin hamısı işə salınmasa da, münaqişədən sonrakı bərpa hasilatın əhəmiyyətli dərəcədə artmasını təmin edəcək.
2027-ci ildə regionda neft hasilatı illik ifadədə gündəlik 5,59 milyon barel artacaq. Digər regionlarda, ilk növbədə ABŞ hesabına, hasilatın gündəlik daha 2,1 milyon barel artacağı gözlənilir”, - deyə BMI-nin hesabatında bildirilir.