Bakı. Trend:
Azərbaycanda geoloji irsin qorunması və geoturizmin inkişafı məqsədilə yaradılacaq Geoloji park layihəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini Aynurə Kərimova bildirib ki, iclasda geopark layihəsinin konseptual istiqamətləri üzrə görülmüş işlər nəzərdən keçirilib, Geoloji parkın konsepsiyasının yekun variantının formalaşdırılması, ərazi sərhədlərinin müəyyən edilməsi, ərazinin inventarlaşdırılması və beynəlxalq tələblərə uyğun nominasiya sənədinin hazırlanması istiqamətində başlanılmış işlərin gedişi müzakirə olunub.
Nazirlik rəsmisinin sözlərinə görə, geoparkın yaradılması Azərbaycanın unikal geoloji irsinin qorunmasına, Abşeron yarımadasının palçıq vulkanları qrupunun təbliğinə, ekoturizmin inkişafına və gələcəkdə ölkəmizin UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə üzvlük imkanlarının reallaşdırılmasına xidmət edəcək.
"Qeyd edək ki, Geoloji parkın yaradılması təşəbbüsü Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir.
Yeni geoparkın Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanları arasından beynəlxalq ekspertlər tərəfindən seçilmiş ərazilərdə yaradılması nəzərdə tutulur.”



