Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Agentlikdən bildirilib ki, hesabatda 2026-cı ilin III rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2026-cı ilin II rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operatorun, yaxud provayderin indeksindəki dəyişiklik dinamikası müəyyən olunub.
Eyni zamanda, hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti “E-Şikayət” sisteminə 2026-cı ilin III rübündə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir.
İKTA bəyan edir edir ki, ictimai nəzarətin formalaşması, şəffaflığın təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.
Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günədək vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 17 min 200-dən artıq müraciət daxil olub.
Agentlik telekommunikasiya xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.