Bakı.Trend:
ABŞ və İsrailin İrana qarşı müharibəsi neft bazarının fəaliyyətini əhəmiyyətli dərəcədə pozaraq qiymətlərdə kəskin dəyişikliklərə səbəb olub, bazar iştirakçılarını mövqelərini və risklərin idarə olunmasına yanaşmalarını operativ şəkildə dəyişməyə məcbur edib.
Bu barədə Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) “Hörmüz boğazı böhranı zamanı neft bazarında mövqelərin dəyişməsi” adlı hesabatında deyilib.
Xüsusilə Hörmüz boğazından neft axınında yaranan fasilələr əhəmiyyətli olub. Bu, yalnız fiziki neftin mövcudluğuna və tədarük istiqamətlərinə deyil, həm də neft törəmə alətləri bazarının fəaliyyətinə təsir göstərib.
Hesabata görə, neft fyuçersləri üzrə açıq mövqelərin həcmi kəskin azalıb. Buna səbəb qiymətlərin yüksək dəyişkənliyi, marja tələblərinin artması və risk altında olan dəyər (VaR) üzrə məhdudiyyətlərin sərtləşdirilməsi fonunda maliyyə spekulyantlarının mövqelərini zəiflətməsi olub.
“Eyni zamanda, neft opsionları gecə ticarəti zamanı bazardakı dəyişikliklərlə bağlı risklərin ifadə edilməsi və idarə olunması üçün daha çox tələb görən alətə çevrilib. Qısamüddətli opsion müqavilələrindən istifadə də əhəmiyyətli dərəcədə artıb.
İstehsalçıların, ticarət şirkətlərinin, emal müəssisələrinin və istehlakçıların (PMPU), eləcə də svop dilerlərinin davranışındakı fərqlər Brent və WTI bazarlarında mövqelərin dinamikasının fərqli olmasına səbəb olub.
Brent üzrə PMPU-nun xalis mövqeyi müharibənin ilk üç ayı ərzində əhəmiyyətli dərəcədə qısa mövqeyə keçib, daha sonra isə əks istiqamətdə dəyişməyə başlayıb.
Bu dinamika ümumilikdə xam neftin ticarət axınlarındakı dəyişikliklərlə üst-üstə düşüb. Belə ki, neft emalı şirkətləri Hörmüz boğazının bağlanması nəticəsində yaranan tədarük fasilələrini, o cümlədən ABŞ-dən və digər alternativ mənbələrdən tədarükü artırmaqla kompensasiya etməyə çalışıblar”, - deyə hesabatda bildirilib.
Bununla yanaşı, WTI üzrə PMPU-nun xalis mövqeyi nisbətən müsbət olaraq qalıb. OIES-in qiymətləndirməsinə görə, bu, qismən ABŞ-nin Strateji Neft Ehtiyatından (SPR) neftin bazara buraxılması və bununla əlaqədar neftin gələcəkdə geri qaytarılması üzrə öhdəliklərin hedcinq edilməsi ilə bağlı ola bilər.
Hesabatda həmçinin pul menecerlərinin (Money Managers) neft bazarının müxtəlif seqmentlərində mövqelərinin strukturunda əhəmiyyətli fərq olduğu qeyd edilir.
“Belə ki, trendi izləyən strategiyalardan istifadə edən sistemli iştirakçıların fəaliyyəti əsasən Brent bazarında cəmləşib. WTI və neft məhsulları üzrə mövqelər isə daha çox diskresion treyderlər tərəfindən formalaşdırılıb.
Əvvəlcə diskresion mövqelər əsasən Brent bazarında cəmləşib, lakin sonradan Fars körfəzi ölkələrindən neft məhsullarının tədarükündə yaranan fasilələrin, Rusiyanın neft emalı zavodlarına hücumların, habelə Çində xam neft idxalının və neft emalının həcminin azalmasının nəticələri daha aydın göründükcə bu mövqelər neft məhsulları istiqamətinə dəyişib”, - deyə OIES-in hesabatında bildirilir.
PMPU-nun xam neft bazarındakı fəaliyyətinin əhəmiyyətli hissəsi fiziki bazarın iştirakçıları, o cümlədən nefti müxtəlif istiqamətlər və zaman intervalları üzrə hərəkət etdirən ticarət şirkətləri ilə bağlıdır.
“Fiziki ticarət axınları dəyişdikcə bu şirkətlər neftin alınması, daşınması və tədarükü ilə bağlı qiymət və baza risklərini idarə etmək üçün törəmə alətlər üzrə mövqelərini tənzimləyirlər”, - deyə sənəddə qeyd olunur.
OIES hesab edir ki, müharibənin başlanmasından sonra Yaxın Şərqdən neft axınında yaranan ciddi fasilələr PMPU mövqelərinin qeyri-adi dinamikasını izah etməyə imkan verir.
Hesabata görə, müharibənin başlanmasından sonra Brent üzrə PMPU-nun xalis mövqeyi kəskin azalıb və mayın ortalarına doğru təxminən mənfi 600 min lota çatıb. Bu, martın əvvəlindəki göstərici ilə müqayisədə qısa mövqelərin təxminən 250 min lot artması deməkdir.
“Daha sonra dinamika dəyişib: mayın sonundan PMPU-nun xalis mövqeyi bərpa olunmağa başlayıb, iyulun sonundan isə tədricən daha az qısa mövqeyə çevrilib.
Maraqlıdır ki, bu dinamika ABŞ-dən xam neft ixracının həcminin dəyişməsini demək olar ki, güzgü kimi əks etdirib. Belə ki, ixrac mayın ortalarına doğru sutkada təxminən 4 milyon bareldən 5,5 milyon barelə qədər artıb, daha sonra iyulun sonuna doğru təxminən 3,5 milyon barelə qədər azalıb”, - deyə hesabatda bildirilir.
İnstitut həmçinin qeyd edib ki, Asiyadakı vəziyyət bu tendensiyanı daha da gücləndirmiş ola bilər.
“Hörmüz boğazında ilkin fasilələr dövründə bəzi asiyalı xam neft alıcıları ABŞ-dən neft alışları zamanı qiymət müəyyənləşdirmə mexanizmini dəyişərək Dubai göstəricisindən Brent göstəricisinə keçiblər. Buna səbəb Dubai etalonunun qeyri-adi və yüksək dəyişkənlik müşahidə olunan dövr yaşaması olub”, - deyə hesabatda bildirilib.