Bakı. Trend:
Bərpa olunan enerji mənbələri Çinin quraşdırılmış elektrik enerjisi istehsalı gücünün 60 faizindən çoxunu təşkil edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.
Səfirin sözlərinə görə, yaşıl keçid Çinin modernləşdirilməsinin əsas xüsusiyyətlərindən birinə çevrilib.
O qeyd edib ki, Çin qlobal yaşıl keçidin təşviqində mühüm rol oynayır və yaşıl enerji avadanlıqları və həllərinin dünyanın ən böyük istehsalçısıdır. Çin digər ölkələrə münasib qiymətə yüksək keyfiyyətli təmiz enerji həllərinə çıxış imkanı yaradır.
Lu Mey həmçinin Çin və Azərbaycan arasında bir sıra günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığı vurğulayıb.
Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafı iki ölkə arasında praktiki əməkdaşlığın istiqamətlərindən biri olaraq qalır.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan rəsmilərinin, diplomatların, beynəlxalq təşkilatların, işgüzar dairələrin və media nümayəndələrinin iştirakı ilə Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilir.
Qəbul oktyabrın 1-də qeyd ediləcək Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü ərəfəsində keçirilir. Çin Xalq Respublikası 1949-cu il oktyabrın 1-də elan edilib və bu tarix hər il Çinin Milli Günü kimi qeyd olunur.