Bakı.Trend:
Böyük Britaniyada britaniyalı rejissor Aleks Fodorun Qafqaz Albaniyasında xristianlığın tarixinə və onun kilsə irsinin taleyinə həsr olunmuş “Oğurlanmış kilsələrin xaçı” (The Cross of Stolen Churches) adlı sənədli filminin təqdimatı keçirilib.
Filmin müəllifləri Qafqaz Albaniyasının xristian irsinin öyrənilməsi istiqamətində geniş araşdırma apararaq tarixi hadisələrə balanslı yanaşma təqdim ediblər. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılıb.
Film Qafqaz Albaniyasında xristianlığın yaranmasından, çiçəklənmə dövründən və sonrakı tənəzzülündən bəhs edir. Müəlliflərin sözlərinə görə, araşdırma Vatikan, İsrail, Böyük Britaniya, Fransa, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, Yunanıstan və Misirdəki arxiv sənədləri və materiallar əsasında hazırlanıb.
Filmin əsas epizodlarından biri Gürcüstan Pravoslav Kilsəsinin iyerarxı və tanınmış tarixçi, Manqlis və Tetritskaro mitropoliti Ananiyanın (Caparidze) açıqlamalarıdır. O, tarixi materiallara əsaslanaraq Ermənistan Kilsəsinin Albaniya Kilsəsinin əmlakına sahib çıxmaq və onun irsini özünkiləşdirmək üçün bütün imkanlardan istifadə etdiyini bildirir.
Filmin müəllifləri həmçinin həvarilər Varfolomey və Faddeyin tarixini araşdırır, onların fəaliyyəti və həlak olması ilə bağlı müxtəlif məkan versiyalarına nəzər salırlar. Həvari Varfolomeyin şəhid olduğu yerin Bakı, yoxsa müasir Türkiyə ərazisi olması ilə bağlı mübahisəyə də ayrıca diqqət yetirilir.
Araşdırmanın digər istiqaməti Fransanın Milli Kitabxanası ilə bağlıdır. Burada Qafqaz Albaniyasının Böyük Katolikosunun möhürü saxlanılır. Filmin yaradıcıları bu tarixi yadigarın kimə məxsus olması və onun tarixi vətəninə qaytarılmasının mümkünlüyü məsələsini gündəmə gətirirlər.
Filmdə nadir arxiv görüntülərindən, tarixi fotolardan və müasir qrafikadan istifadə olunub. İngilisdilli mətni britaniyalı aktyorlar İan Rekordon və Hizer Kumbs səsləndirir. Filmin musiqi tərtibatında isə digər əsərlərlə yanaşı, irlandiyalı bəstəkar Devid Bayersin əsərləri də yer alıb.