Bakı.Trend:
Transadriatik qaz kəməri (TAP) bu günədək Avropaya 62 milyard kubmetrdən çox təbii qaz nəql edib.
Bunu TAP AG şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov Vyanada Enerji Birliyi tərəfindən təşkil olunan 21-ci Qaz Forumunda deyib.
Veysəlov TAP-ın Xəzər regionundan qaz tədarükünü Avropa bazarları ilə birləşdirən və regionda transsərhəd qaz nəqlini təmin edən dövlətlərarası qaz interkonnektoru kimi strateji rolunu vurğulayıb.
“Avropada qaz axınlarının dinamikası dəyişdikcə, transsərhəd interkonnektorların əhəmiyyəti daha da artır. Çünki onlar bazarların əlaqələndirilməsini, şaxələndirilmiş tədarük mənbələrinə çıxışı təmin edir və Avropanın enerji sisteminin dayanıqlığını artırır. Bazarın tələblərinə uyğun olaraq TAP-ın ötürücülük gücünün bu yaxınlarda ildə daha 1,2 milyard kubmetr artırılması regionda təchizat təhlükəsizliyinin möhkəmləndirilməsinə əlavə töhfə verə bilər”, – deyə Veysəlov bildirib.
Onun sözlərinə görə, TAP Xəzər qazı ilə Avropa bazarları arasında strateji həlqə kimi rolunu gücləndirməkdə və Avropanın uzunmüddətli enerji təchizatı təhlükəsizliyinə töhfə verməkdə davam edir.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən 878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənubunda quruya çıxır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.
2021-ci ildə TAP üzrə keçirilmiş bazar testinin nəticələrinə əsasən, 2026-cı ilin yanvarından etibarən qaz kəmərinin illik ötürücülük gücü əlavə 1,2 milyard kubmetr artırılıb. Bunun 1,04 milyard kubmetri İtaliya, 0,16 milyard kubmetri isə Albaniya üçün nəzərdə tutulub.