Bakı. Trend:
SOCAR ilə Corc Vaşinqton Universiteti arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
SOCAR Mətbuat xidmətinin yaydığı məlumata görə, sentyabrın 16-da SOCAR-ın prezidenti Rövşən Nəcəf Corc Vaşinqton Universitetinin prorektoru Sevinc Məmmədova ilə görüşüb.
Görüşdə cari il Bakı Enerji Həftəsi çərçivəsində “SOCAR ilə Corc Vaşinqton Universiteti arasında Əməkdaşlıq üzrə Niyyət Məktubu”nun imzalanmasının tərəfdaşlıq əlaqələri üçün yeni imkanlar açdığı məmnunluqla qeyd olunub, sənədin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. SOCAR-ın rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələr, o cümlədən Karbamid zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.
Eləcə də, SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Corc Vaşinqton Universiteti arasında yüksəkixtisaslı peşəkar mütəxəssislərin hazırlanması sahəsində formalaşmış tərəfdaşlıq əlaqələri qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, Corc Vaşinqton Universitetin nümayəndələri Bakı Ali Neft Məktəbində olduqlarını və burada yaradılan şəraiti yüksək qiymətləndirdiklərini bildiriblər.
Görüşdə tərəflər birgə layihələrin, o cümlədən təhsil proqramlarının həyata keçirilməsi, akademik tədqiqatların aparılması, kadr potensialının inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.



