Bakı.Trend:
Avropa Komissiyası Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etmək niyyətindədir.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının vəziyyəti ilə bağlı illik çıxışı zamanı bildirib.
"Bu gün nəqliyyat bağlantıları sahəsində yeni beynəlxalq layihə barədə elan edə bilərəm. Bu layihə Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirəcək. Biz bunu Orta Dəhliz adlandırırıq", - deyə o bildirib.
Onun sözlərinə görə, maliyyələşmənin "Global Gateway" təşəbbüsü çərçivəsində cəlb edilməsi planlaşdırılır:
"Biz 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etmək niyyətindəyik. Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır", - deyə fon der Lyayen qeyd edib.
O, həmçinin Bolqarıstanın Baş naziri ilə birlikdə nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə həsr olunmuş regional sammitin təşkil ediləcəyini diqqətə çatdırıb.