Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi bazasına raket zərbələri endirdiyini açıqlayıb.
İRNA dövlət agentliyinin məlumatına görə, bu addım ABŞ-nin İran neft tankerlərinə hücumlarına cavab olaraq atılıb.
“Təcavüzkarı cəzalandırmaq məqsədi daşıyan bu əməliyyat çərçivəsində texniki xidmət və təmir obyektləri, hazırlıq zonaları, F-35, F-16 və F-15 qırıcı təyyarələrinin yerləşdirilməsi sahələri, həmçinin döyüş təyyarələri üçün nəzərdə tutulmuş sığınacaqlar vurulub və bədxah düşmənə ağır ziyan yetirilib”, – deyə İRNA-nın sitat gətirdiyi SEPAH bildirib.
Daha sonra İordaniya ordusu İran tərəfindən ölkə istiqamətində atılan 18 raketin havada zərərsizləşdirildiyini, daha iki raketin isə yaşayış olmayan ərazilərə düşdüyünü açıqlayıb.
Ordunun yaydığı bəyanatda deyilir: “Son bir neçə saat ərzində İordaniya Haşimilər Krallığı İran ərazisindən atılan raketlərin hücumuna məruz qalıb”.
Bəyanatda həmçinin qeyd olunur ki, ölkənin raketdən müdafiə sistemləri “onlardan 18-ni uğurla ələ keçirərək məhv edib, iki raket isə yaşayış olmayan ərazilərə düşüb”.
Bundan bir qədər əvvəl SEPAH Küveyt və Bəhreyndəki tankerləri “hədəfə alacağı” barədə xəbərdarlıq edib və gəmilərin ekipajlarına “dərhal gəmilərini tərk etmək” çağırışı edib. Bu barədə rəsmi IRNA agentliyi məlumat yayıb.
İRNA-nın SEPAH-a istinadən yaydığı açıqlamada deyilir: “İran İslam Respublikasına məxsus bir neçə neft tankerini hədəfə alan Amerika ordusunun cinayətləri fonunda Küveyt və Bəhreyn limanlarında olan bütün tankerlərə xəbərdarlıq edirik. Bu ölkələr həmin ordunu qəbul edir və onların əməllərinə şərikdir. Söhbət həm lövbərdə dayanan, həm də limanda yan alan tankerlərdən gedir. Onlara gəmilərini tərk etmələri barədə xəbərdarlıq edirik, çünki onlar hədəfə alınacaqlar.”