Bakı. Trend:
Tələbə hərəkatının uzun müddətdir tələb etdiyi növbədənkənar parlament seçkiləri oktyabrın 25-də Serbiyada keçiriləcək. Bunu çərşənbə axşamı axşam Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.
Vuçiç milli televiziya kanalı RTS-də müsahibə zamanı bildirib ki, çərşənbə günü parlamentin buraxılması ilə bağlı fərmanı imzalayacaq və dərhal seçkilərin keçirilməsini elan edəcək. “Serbiyada seçkilər oktyabrın 25-də keçiriləcək. (...) İnanıram ki, sonda, seçkilərdən sonra bu böhrandan çıxmağı bacaracağıq”, – deyə Serbiya dövlət başçısı bildirib.
Serbiyada 2024-cü ilin noyabrından ölkənin şimalında yerləşən Novi Sad şəhərinin dəmir yolu vağzalında örtüyün uçması nəticəsində baş verən ölümcül hadisədən sonra genişmiqyaslı etiraz hərəkatı davam edir. 16 nəfərin ölümü ilə nəticələnən bu hadisə yüz minlərlə vətəndaşın qəzəbinə səbəb olub. Tələbə hərəkatının rəhbərlik etdiyi etirazçılar bu faciəni, onların fikrincə, Avropa İttifaqına üzvlük danışıqları aparan ölkədə geniş yayılmış korrupsiyanın nəticəsi hesab edirlər.
Əvvəlcə faciə ilə bağlı şəffaf araşdırmanın aparılmasını tələb edən çağırışlar sonradan növbədənkənar seçkilərin keçirilməsi tələbinə çevrilib. Vuçiç mütəmadi olaraq bu seçkilərin keçiriləcəyinə söz verir və təxmini tarixlər açıqlayırdı. Etiraz hərəkatının zaman keçdikcə zəiflədiyi görünür, lakin tələbələr seçkilərdə öz namizədlər siyahısı ilə iştirak edəcəklərini açıqlayıblar.
Milliyyətçi siyasətçi olan 56 yaşlı Aleksandar Vuçiç on ildən artıqdır ki, baş nazir və ya prezident vəzifəsində hakimiyyətdədir. 2017-ci ildə prezident seçilən və 2022-ci ildə beş illik müddətə yenidən seçilən Vuçiç bu yaxınlarda bildirib ki, parlament seçkilərinin keçirilməsi barədə qərarı rəsmən verdikdən dərhal sonra istefa verəcək və seçki kampaniyasına qoşulacaq. Bununla da o, baş nazir postuna qayıtmaq niyyətinin olduğunu göstərib.