Bakı. Trend:
Rumıniyada sentyabrın 8-də Rusiya vətəndaşı saxlanılıb.
O, fevral-iyul ayları arasında Avropa İttifaqı və NATO üzvü olan bu ölkədə təxribat əməliyyatlarının həyata keçirilməsi məqsədilə strateji məlumatlar toplamaqda ittiham olunur.
Bu barədə Rumıniya Kəşfiyyat Xidməti açıqlama yayıb.
Açıqlamada bildirilib ki, qurum “milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində” “Rusiya tərəfindən koordinasiya edilən” və daha əvvəl Avropanın digər ölkələrində də müşahidə olunan fəaliyyət üsuluna uyğun olan bu əməliyyatın qarşısını alıb.
40 yaşlı kişinin Rumıniyanın, o cümlədən paytaxt Buxarestin ərazisində müttəfiqlər tərəfindən istifadə olunan bir neçə hərbi bazadakı avadanlıqların foto və videolarını çəkdiyi güman edilir. O, şəxsi heyətin və döyüş texnikasının, o cümlədən “Ukraynaya məxsus Antonov yük təyyarələrinin” hərəkətlərini sənədləşdirib.
Onun həbsdə saxlanılmasını tələb edən prokurorluğun açıqlamasına görə, Rusiya vətəndaşı əməllərini şifrələnmiş onlayn mesajlaşma xidmətləri vasitəsilə əməliyyatları koordinasiya edən başqa bir şəxsin göstərişi ilə həyata keçirib.
Rumıniya hakimiyyəti 2024 və 2025-ci illərdə də oxşar cəhdlərin qarşısını aldığını bildirib.