Şuşa. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Vətən müharibəsindən sonra xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyətini daha da gücləndirib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə qardaş Türkiyə və Gürcüstanda yaşayan soydaşların işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunur:
“İndiyədək bu ölkələrdə yaşayan və din sahəsində fəaliyyət göstərən soydaşlarımızın Qarabağa səfərlərini təşkil etmişik.
Əvvəlki səfərlərdən fərqli olaraq, bu dəfə İraqda yaşayan soydaşlarımız da səfərdə iştirak edirlər. Bu gün burada olmaq, gələn qonaqlarımızın məscidləri ziyarət edərkən keçirdikləri hissləri, onların göz yaşlarını görmək çox duyğuludur. Bu anlar həm də şəhidlərimizin ruhunun necə şad olduğunu göstərir”.
G.İsmayılov qeyd edib ki, “Zəfər yolu: Qələbənin izi ilə” şüarı təsadüfi seçilməyib:
“Bu, əslində, 50 milyonluq Azərbaycan xalqının zəfər yoludur. Biz istəyirik ki, bu yolun yolçuları təkcə müstəqil Azərbaycan dövlətinin vətəndaşları deyil, 50 milyonluq xalq olsun. Dünyanın hər yerində yaşayan soydaşlarımız bu yolun yolçuları olsunlar”.