Bakı. Trend:
Azərbaycanda dövlət qurumları arasında rəqəmsal sənəd mübadiləsi hər ay 4,8 milyon səhifəyə qənaət edir ki, bu da ildə 6 mindən çox ağacın qorunmasına imkan yaradır.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitələrdən biridir və onların iqtisadiyyatın müxtəlif sahələrində istixana qazı emissiyalarının azaldılmasına, iqlim təsirlərinə uyğunlaşmanın gücləndirilməsinə töhfə vermək potensialı var.
R.Həsənov qeyd edib ki, COP29 çərçivəsində qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməni 75 ölkə və 1 000-dən çox təşkilat dəstəkləyib.
“İndi bizim vəzifəmiz bu öhdəliyi həyata keçirməkdir”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsallaşmanın özü də ətraf mühitə müəyyən təsir göstərir.
“Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, İKT sektoru qlobal istixana qazı emissiyalarının 1,5-4 faizini təşkil edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə isə 2025-ci ildə məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı 17 faiz artıb. Bu, qlobal elektrik enerjisi tələbatının artım tempindən təxminən altı dəfə çoxdur”, - deyə o bildirib.
R.Həsənov əlavə edib ki, məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatının 2030-cu ilə qədər yenidən iki dəfə artaraq dünya üzrə elektrik enerjisi istehlakının təxminən 3 faizinə çatacağı gözlənilir.
“Bu rəqəmlər bir məqamı aydın göstərir: rəqəmsal transformasiya dayanıqlılıq prinsipi əsasında qurulmalıdır. Biz yalnız texnologiyanın iqlim fəaliyyətinə necə xidmət edə biləcəyini deyil, texnologiya sektorunun özünün də enerji və su istifadəsindən tutmuş təchizat zəncirlərinə və elektron tullantılara qədər bütün həyat dövrü ərzində ətraf mühitə təsirini necə azalda biləcəyini nəzərə almalıyıq”, - deyə nazir müavini qeyd edib.
O bildirib ki, qabaqcıl soyutma və enerji idarəetmə sistemlərinin tətbiqi məlumat mərkəzlərində soyutma üçün enerji sərfiyyatını 40 faizədək azalda bilər.
Azərbaycanda yaşıl rəqəmsal transformasiya
R.Həsənov Azərbaycanda rəqəmsal transformasiyanın yaşıl inkişaf məqsədləri ilə əlaqələndirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, “myGov” platforması vasitəsilə doğum və nikahın qeydiyyatı, şəxsiyyətin təsdiqi ilə bağlı xidmətlər və digər mühüm xidmətlər rəqəmsal formada təqdim olunur. Bu isə kağız sənədlərin istifadəsini və vətəndaşların dövlət qurumlarına təkrar müraciətlərini azaldır.
“Dövlət qurumları arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 4,8 milyon səhifəyə qənaət edir və ildə 6 mindən çox ağacın qorunmasına imkan yaradır. Rəqəmsal hökumət yalnız sürət və rahatlıqla bağlı deyil. Bu həm də texnologiyadan resursların qorunması üçün istifadə etmək deməkdir”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, dövlət informasiya sistemlərinin “Hökumət Buludu”nda konsolidasiyası da bu istiqamətdə mühüm addımlardandır.
“2026-2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planına əsasən, bu miqrasiyanın 2027-ci ilin dekabrına qədər başa çatdırılması planlaşdırılır. Bu, əməliyyat xərclərini azaltmağa, kibermüdafiə dayanıqlılığını gücləndirməyə və dövlət idarəçiliyi, o cümlədən hökumətdə formalaşdırılan süni intellekt imkanları üçün təhlükəsiz və enerji baxımından səmərəli baza yaratmağa imkan verəcək”, - deyə R.Həsənov vurğulayıb.
“Azersky” iqlim və ətraf mühitin monitorinqində
Nazir müavini bildirib ki, texnologiyalar ətraf mühitdə baş verən dəyişikliklərin daha yaxşı öyrənilməsinə və onlara operativ reaksiya verilməsinə də imkan yaradır.
O qeyd edib ki, Azərbaycanın “Azersky” peyki, məsafədən zondlama və coğrafi informasiya sistemləri vasitəsilə quraqlıq, səhralaşma, su ehtiyatları, Xəzər dənizinin su səviyyəsi və çayların su keyfiyyəti monitorinq edilir.
“Bu imkanlar ətraf mühitin mühafizəsi ilə bağlı qərarların vaxtında və elmi əsaslarla qəbul edilməsinə şərait yaradır”, - deyə R.Həsənov bildirib.
Qarabağda günəş enerjisi ilə işləyən 35 baza stansiyası fəaliyyət göstərir
R.Həsənov telekommunikasiya infrastrukturunun da ətraf mühitə təsir göstərdiyini diqqətə çatdırıb.
“Azərbaycan buna görə, xüsusilə ucqar ərazilərdə telekommunikasiya infrastrukturu üçün bərpa olunan enerjidən istifadəni genişləndirir. Biz aktiv fəaliyyət müddətinin 60 faizindən çoxunda bərpaolunan enerji ilə işləyən günəş enerjili baza stansiyalarının quraşdırılmasına başlamışıq. Təkcə Qarabağda 35 belə stansiya fəaliyyət göstərir”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi təşəbbüslər COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsinin məqsədlərinə - dayanıqlı rəqəmsal infrastrukturun yaradılması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik, məlumatlara əsaslanan qərarların qəbul edilməsi, dayanıqlı innovasiya və qabaqcıl təcrübələrin paylaşılmasına uyğun gəlir.
“Azərbaycanın təcrübəsi göstərir ki, yaşıl rəqəmsal fəaliyyət mücərrəd anlayış deyil. Bu, daha az kağız sənədlər, daha aşağı enerji istehlakı, meşələrin qorunması, daha yaxşı ekoloji monitorinq və daha dayanıqlı rəqəmsal infrastruktur kimi ölçülə bilən nəticələrə çevrilir”, - deyə R.Həsənov bildirib.
O vurğulayıb ki, heç bir ölkə bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz.
“Dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektor və akademik dairələr bilikləri bölüşməli, maliyyə vəsaitlərini səfərbər etməli və uğurlu həllərin geniş miqyasda tətbiqini təmin etməlidirlər”, - deyə nazir müavini əlavə edib.