Bakı. Trend:
Bu il dekabrın 7-10-da Bakıda Almaniyanın enerji sektorunda fəaliyyət göstərən şirkətlərinin iştirakı ilə “Enerji Ticarət Missiyası” keçiriləcək.
Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, bu barədə “Azərbaycanda infrastrukturun inkişafı, e-mobillik və bərpa olunan enerjinin saxlanılması həlləri” mövzusunda keçirilən beynəlxalq vebinarda bildirilib.
Ticarət missiyası Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin təşəbbüsü ilə Almaniya Enerji İxracat Təşviqi Təşəbbüsü çərçivəsində təşkil olunacaq.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq münasibətləri şöbəsinin rəhbəri Yuliya Egel bildirib ki, missiya çərçivəsində Azərbaycanın energetika nazirliyinin nümayəndələri ilə görüşlər, biznes dəyirmi masası, brifinqlər və B2B görüşlərinin keçirilməsi nəzərdə tutulur.
“B2B görüşləri sizin üçün xüsusilə vacibdir, çünki siz birbaşa əlaqələr qurmaq və imkanlarınızı araşdırmaq istəyirsiniz. AHK Azerbaijan iştirak edən Almaniya şirkətlərinin maraqlarını nəzərə alaraq B2B görüşlərini əlaqələndirəcək və müvafiq tərəfdaşların tapılmasına dəstək göstərəcək”, – deyə Egel bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunda şaxələndirmə və yeni texnologiyaların tətbiqi Almaniya şirkətləri üçün əməkdaşlıq imkanlarını genişləndirir. Xüsusilə enerji şəbəkələrinin modernləşdirilməsi, enerji sistemlərinin inteqrasiyası, enerji saxlanc sistemləri və elektromobillik üçün enerji doldurma infrastrukturu perspektivli istiqamətlər kimi qiymətləndirilir.
“Azərbaycanın günəş və külək enerjisinin böyük potensialı var. İri miqyaslı günəş və külək enerjisi layihələrindən danışarkən, böyük tələbatın, eləcə də çoxsaylı imkanların olduğunu görürük. Azərbaycanın coğrafi mövqeyi və Orta Dəhlizdəki rolu nəzərə alınmaqla, perspektivdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı Avropaya ixrac üçün də maraq doğura bilər”, – deyə Egel qeyd edib.
O əlavə edib ki, enerji balansının şaxələndirilməsi və dayanıqlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər müvafiq texnologiya və həllərin tətbiqi üçün imkanlar yaradır.
Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hidrogen və “yaşıl” texnologiyalar şöbəsinin rəhbəri Fuad Müştaqov isə bildirib ki, ölkədə bərpa olunan enerji infrastrukturu ilə yanaşı, elektrik şəbəkəsinin modernləşdirilməsi və enerji sisteminin çevikliyinin artırılması əsas prioritetlərdəndir.
“Bərpa olunan enerjinin inkişafı infrastrukturun və elektrik şəbəkəsinin inkişafı ilə sıx bağlıdır. Beşinci milli prioritet ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini və digər “yaşıl” texnologiyaları da əhatə edir. Xüsusilə, elektromobillik üzrə Milli Planın hazırlanması istiqamətində iş aparılır”, – deyə o bildirib.
Müştaqovun sözlərinə görə, Azərbaycan həmçinin hidrogen istehsalı və onun müxtəlif sektorlarda istifadəsi, enerjinin saxlanılması, bioenerji və “yaşıl” geotermal enerji, eləcə də karbonun tutulması, istifadəsi və saxlanılması (CCUS) texnologiyalarının tətbiqi imkanlarını araşdırır.
“Enerji saxlama sistemləri bərpa olunan enerjinin dəyişkən xarakterinin idarə olunmasına kömək edə bilər”, – deyə o qeyd edib.
O bildirib ki, Azərbaycanın əsas vəzifələrindən biri mövcud bərpa olunan enerji potensialını iqtisadi baxımdan səmərəli layihələrə çevirmək və onları enerji sisteminə inteqrasiya etməkdir.
“Əsas vəzifə bu potensialı iqtisadi baxımdan səmərəli layihələrə çevirmək və onları enerji sisteminə qoşmaqdır. Məqsəd yalnız yeni bərpa olunan enerji obyektlərinin tikintisi deyil – bizim həmçinin müvafiq ötürücü və paylayıcı infrastruktura ehtiyacımız var”, – deyə Müştaqov bildirib.
Vebinarda Azərbaycanın bərpa olunan enerji sektorunda artıq həyata keçirilən layihələr də təqdim olunub. Müştaqovun sözlərinə görə, gücü 230 MVt olan Qaradağ Günəş Elektrik Stansiyasında illik elektrik enerjisi istehsalı təxminən 500 milyon kVt·saata çatır. O, həmçinin ümumi gücü 240 MVt olan Xızı-Abşeron Külək Elektrik Stansiyasının 37 turbindən ibarət olduğunu və ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verdiyini bildirib.
Vebinar Almaniyanın Bərpa Olunan Enerji Akademiyası (RENAC) və AHK Azerbaijan tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın və Almaniyanın enerji sektorunda fəaliyyət göstərən dövlət və özəl qurumlarının nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində SOCAR Green, Roedl & Partner və Euler Hermes AG nümayəndələrinin çıxışları dinlənilib, Almaniyanın kiçik və orta sahibkarları üçün Azərbaycanda bazar imkanları, hüquqi çərçivə və layihələrin maliyyələşdirilməsi alətləri müzakirə olunub.
Egel həmçinin bildirib ki, Almaniya şirkətləri gələn ilin iyununda keçiriləcək “Baku Energy Week”də öz stendləri ilə iştirak imkanını nəzərdən keçirə bilərlər.
Onun sözlərinə görə, Azərbaycanla Almaniya arasında biznes əlaqələrinin genişləndirilməsi üçün enerji ilə yanaşı, rəqəmsallaşma, nəqliyyat və Orta Dəhliz kimi istiqamətlərdə də imkanlar mövcuddur.
“Rəqəmsallaşma da Azərbaycanın inkişaf istiqamətlərindən biridir. Orta Dəhlizin inkişafı müxtəlif layihələrin həyata keçirilməsi və biznes fəaliyyəti üçün imkanlar yaradır. Azərbaycanı Orta Dəhlizin mərkəzində yerləşən strateji hab kimi nəzərdən keçirmək olar. Almaniya texnologiyaları və həlləri Orta Dəhlizin inkişafı ilə bağlı layihələrdə tətbiq edilə bilər”, – deyə Egel bildirib.