Bakı. Trend:
Tibb və səhiyyə müəssisələrində çalışan həkimlərin əməkhaqlarının artırılması istiqamətində tətbiq olunacaq yeni tariflər və artım faizləri açıqlanıb.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri TƏBİB-in icraçı direktoru Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aparılan islahatlar çərçivəsində müxtəlif ixtisas və kateqoriyalar üzrə həkimlərin əməkhaqlarında əhəmiyyətli artımlar nəzərdə tutulub.
Ailə və sahə həkimlərinin faktiki 1 150 manat təşkil edən əməkhaqları 74 faiz və ya 850 manat artırılaraq 2 000 manata çatdırılacaq.
Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin faktiki 1 550 manat olan əməkhaqları 61 faiz və ya 950 manat artırılaraq 2 500 manat müəyyənləşdiriləcək.
Təcili tibbi yardım şöbələrinin 3A və 3B kateqoriyaları üzrə həkimlərinin əməkhaqları isə 43 faiz və ya 900 manat artırılaraq 2 100 manatdan 3 000 manata yüksəldiləcək.
Anestezioloq-reanimatoloqların 3A və 3B kateqoriyaları üzrə əməkhaqlarında isə 107 faiz və ya 1 550 manat artım nəzərdə tutulur və onların faktiki 1 450 manat olan əməkhaqları 3 000 manata çatdırılacaq.
Qeyd edək ki, yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunur.
Genişmiqyaslı islahat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir.
Yeni əməkhaqqı qaydaları ölkə üzrə ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

