Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “Enerjisa Enerji” şirkətinə elektrik şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üçün 207 milyon dollara qədər kredit ayıracaq.
Bu barədə AYİB-in rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumata görə, kredit Türkiyə lirəsi ekvivalentində təqdim olunacaq və şirkətin Ankara və ətraf şəhərləri əhatə edən Başkent, İstanbulun Asiya hissəsini əhatə edən Ayedaş, eləcə də ölkənin mərkəzi-cənub hissəsində yerləşən Toroslar elektrik paylayıcı şəbəkələrinin genişləndirilməsi və modernləşdirilməsinə yönəldiləcək.
AYİB qeyd edib ki, layihə Avropa Dayanıqlı İnkişaf Fondu Plus-un (EFSD+) Hi-Bar zəmanət proqramı çərçivəsində ilk itki riskinin təminatı ilə dəstəklənir. Proqram Avropa Qonşuluğundakı iqtisadiyyatlarda enerji keçidinə yönəlmiş dayanıqlı investisiyaları dəstəkləyir.
"Layihənin əsas məqsədləri arasında elektrik şəbəkəsində itkilərin azaldılması, enerji təchizatının etibarlılığının artırılması, elektrik enerjisinin kəsilmələrinin müddəti və tezliyinin azaldılması, həmçinin şirkətin kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi yer alır. Kreditin 98 faizi yaşıl maliyyələşdirmə kimi təsnif edilir", - məlumatda vurğulanıb. Bank gözlənilən nəticələr arasında elektrik enerjisi itkilərinin və bununla əlaqədar karbon emissiyalarının azaldılmasını göstərib.
Layihə çərçivəsində “Enerjisa Enerji”nin kibertəhlükəsizlik imkanlarının qiymətləndirilməsi və gücləndirilməsi üçün 75 min avro həcmində texniki yardımın göstərilməsi də nəzərdə tutulur.
“Enerjisa Enerji” Türkiyədə elektrik enerjisinin paylanması və pərakəndə satışı ilə məşğul olan əsas özəl şirkətlərdən biridir və ölkə əhalisinin təxminən dörddə birinə xidmət göstərir.
Şirkət “Sabancı Holding” və Almaniyanın “E.ON” şirkətinin birgə müəssisəsidir. Tərəflərin hər biri şirkətdə 40 faiz paya sahibdir, qalan 20 faiz səhmlər isə İstanbul Fond Birjasında sərbəst dövriyyədədir.