Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi raket əleyhinə müdafiə sistemləri üçün tutucu raket ehtiyatlarının bərpası məqsədilə Konqresdən 18,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasını istəyib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sözügedən məbləğ daha əvvəl Kapitoliy təpəsinə təqdim edilmiş əlavə 67 milyard dollarlıq ümumi maliyyə sorğusunun tərkib hissəsidir. Bloomberg qeyd edir ki, Pentaqon bu 18,2 milyard dolları ABŞ-ın hərbi və qanunverici orqanlarının qiymətləndirməsinə görə təhlükəli dərəcədə azalmış döyüş sursatı ehtiyatlarının bərpasına yönəltməyi planlaşdırır.
Bu vəsaitin təxminən 5,75 milyard dollarının THAAD raketdən müdafiə kompleksləri üçün tutucu raketlərin alınmasına, 5,57 milyard dollarının Patriot zenit-raket kompleksləri üçün raketlərə, 1,9 milyard dollarının isə SM-6 raketlərinin alınmasına ayrılması nəzərdə tutulur. Bundan əlavə, Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı ilk dəfə istifadə etdiyi Tomahawk qanadlı raketlərini və Precision Strike Missile (PrSM) qısamənzilli ballistik raketlərini də satın almağı planlaşdırır.
Bundan əvvəl The New York Times qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Mərkəzi Komandanlığın İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarını bərpa edə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, tutucu raket ehtiyatları təhlükəli dərəcədə azalacaq.
ABŞ Prezidenti Donald Tramp isə bu məlumatı təkzib edərək bildirib ki, ABŞ ordusunun döyüş sursatı ehtiyatı "tələb olunandan xeyli çoxdur".