Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp "Real America's Voice" telekanalına müsahibəsində faktiki olaraq bildirib ki, onun ikinci prezidentlik müddətinin sonuna qədər Qrenlandiya Vaşinqtonun operativ nəzarəti altına keçə bilər.
Aparıcı Stiv Qruber xatırladıb ki, daha əvvəl Trampın ikinci prezidentlik dövründə Qrenlandiyanın ABŞ-ın operativ nəzarətinə keçəcəyini proqnozlaşdırmışdı. Tramp buna cavab olaraq deyib: “Əgər buna mərc etmisinizsə, haqlı çıxacaqsınız. Qrenlandiya çox vacibdir. Belə mərc etməyə dəyər”.
Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsinə dair müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etməyi öhdəsinə götürüb. Tramp dəfələrlə bəyan edib ki, ABŞ-ın təhlükəsizliyinin təmin olunması üçün Qrenlandiya Vaşinqton üçün zəruridir.