Bakı.Trend:
Avropa İttifaqı (Aİ) İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsini nəzərdən keçirməlidir.
AFP agentliyinin məlumatına görə, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
"Şübhəsiz ki, Aİ dərhal bütün zəruri tədbirləri görməli və Şengen zonası çərçivəsində əməkdaşlığın dayandırılması da daxil olmaqla bütün variantları nəzərdən keçirməlidir. Nəzarətsiz miqrasiya həm Avropa, həm də Danimarka üçün təhdid yaradır", – deyə danimarkalı hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.