Bakı.Trend:
İspaniya hakimiyyəti Şimali Afrikadakı eksklavı olan Seutada (Mərakeşlə sərhəddə yerləşir) asayişi bərpa etmək məqsədilə hərbçiləri cəlb edəcək.
Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, buna səbəb minlərlə miqrantın Mərakeşdən sərhədi yararaq şəhərə daxil olmasıdır.
Qeyd olunur ki, hərbçilər şəhərdə təhlükəsizliyin təmin olunması zamanı Mülki Qvardiyanın əməkdaşlarına dəstək verəcəklər. Hazırda Seutada vəziyyət xaosu xatırladır.
Sərhədi keçməyə cəhd edən azı 18 nəfər həlak olub. Minlərlə miqrantın axını Madridin bütün proqnozlarını üstələyib. Son 10 gün ərzində muxtar şəhərə 1 500-dən 2 000-dək qanunsuz miqrant daxil olub.
Yerli KİV-lər isə bildirirlər ki, ötən həftə ərzində Mərakeşdən Seutaya üzərək 1,5 mindən çox insan çatıb, daha yüzlərlə nəfər isə şəhərə piyada gəlib. Bununla belə, eksklava daxil olan miqrantların ümumi sayı hələlik dəqiqləşdirilməyib. EFE agentliyinin məlumatına görə, minlərlə insan Seuta ilə sərhəddə yerləşən Mərakeşin Fnidk yaşayış məntəqəsinə gəlməkdə davam edir. Burada artıq uzunluğu 5 kilometrə çatan növbə yaranıb.