Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məqsədilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması müzakirə edilib.
Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə 43 ölkənin hərbi nümayəndələri və Avropa İttifaqından nümayəndə heyəti iştirak edib.
Müzakirələr zamanı dəniz təhlükəsizliyinə təhdidlər, ticarət gəmilərinə və dəniz infrastrukturuna hücumların qarşısının alınması, eləcə də gələcək koalisiyanın strukturu, idarəetmə sistemi və fəaliyyət mexanizmləri nəzərdən keçirilib.
Bildirilib ki, yaradılması planlaşdırılan koalisiya Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərəcək. Təşəbbüsə əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi üzvü və lideri olacaq, həmçinin onun qərargahına ev sahibliyi edəcək.
Görüşün yekununda iştirakçılar koalisiyanın təsis sənədlərinin hazırlanması və rəsmi fəaliyyətə başlaması üçün işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Birgə bəyanatı Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali olmaqla 14 ölkə imzalayıb.