Bakı.Trend:
Ermənistan təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Rusiya ilə münasibətlərə alternativlər axtarır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə Rusiya ilə münasibətlərdəki böhranın siyasi tərəfi ilə bağlı sualı cavablandırarkən deyib.
"Ermənistan alternativlərə malik olmaq qərarına gəlib. Bundan əvvəl onun, o cümlədən siyasi baxımdan alternativləri yox idi. Məsələ bundadır ki, Ermənistan Çin, ABŞ, Böyük Britaniya, Niderland, Fransa və digər ölkələrlə strateji münasibətlərə dair sənədlər imzalayıb. Əvvəllər Ermənistan bu qədər ölkə ilə strateji münasibətlər qura bilmirdi", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Moskva İrəvandan münasibətlərdə müstəsnalıq gözləyir.
"Biz bu yanaşmanı qəbul etmirik. Deyirik ki, münasibətlər müstəsna olmamalıdır, amma mövcud olmalıdır", - deyə Baş nazir qeyd edib.