Bakı. Trend:
Azərbaycanın Çində ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 9-cu Çin-Avrasiya Sərgisində qurulan milli stenddə ölkəmizin əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika və tranzit potensialı barədə məlumatlar təqdim edilib.
Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, cari ilin 25–29 iyun tarixlərində Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində keçirilən 9-cu Çin-Avrasiya Sərgisində Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Sərgidə ölkəmizin iqtisadi və investisiya potensialı, nəqliyyat-tranzit imkanları, eləcə də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunub. Eyni zamanda, Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evi vasitəsilə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar sərgidə təqdim olunub.
Sərgi çərçivəsində Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu Çin (Şandon) – Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələri Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın əlverişli biznes mühiti, investisiya potensialı, investorlar üçün yaradılmış imkanlar, ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi rolu, eləcə də Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə məlumat verilib.
2011-ci ildən keçirilən Çin-Avrasiya Sərgisi Çinin önəmli beynəlxalq iqtisadi-ticarət platformalarından hesab olunur. Sərgi Asiya və Avropa ölkələri arasında ticarət, investisiya və sənaye tərəfdaşlığının genişləndirilməsinə xidmət edir. 9-cu sərgidə 27 ölkə, region və beynəlxalq təşkilatdan, eləcə də Çinin bütün əyalətlərindən 2 mindən artıq şirkət və qurum iştirak edib.


