Paris. Trend:
İstifadəçilər adından alış-veriş edən süni intellekt agentlərinə əsaslanan agent kommersiyası (agentic commerce) rəqəmsal ticarət və ödənişlərin inkişafında növbəti mərhələ olacaq.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Visa Payment Forum çərçivəsində keçirilən Media Günündə Visa-nın qlobal bazarlar üzrə prezidenti Oliver Cenkins deyib.
Onun sözlərinə görə, süni intellekt bütün dünyada ödənişlərin rəqəmsallaşmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Lakin generativ süni intellektlə bağlı qeyri-müəyyənliklər hələ də qalmaqdadır.
«Dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə keçirdiyim qapalı görüşlərdə daim eyni sualları eşidirəm. Şirkətlər süni intellekt sahəsində geridə qalmaqdan narahatdır, onun harada real iqtisadi fayda verdiyini anlamağa çalışır, Visa həllərinin süni intellektdən nə dərəcədə istifadə etdiyini soruşur və nəhayət, agent kommersiyası dövrünə necə hazırlaşmalı olduqları ilə maraqlanırlar», - deyə Cenkins bildirib.
Onun fikrincə, artıq yaxın gələcəkdə intellektual agentlər həm istehlakçılar, həm də bizneslər üçün müstəqil şəkildə alış-veriş edə biləcəklər.
«Mən tam əminəm ki, yaxın illərdə agentlər bizim adımızdan mal və xidmətlər alacaqlar. Hələlik bu həlləri kimin yaradacağı, onların hansı platformalarda işləyəcəyi və ilk növbədə hansı alış kateqoriyalarını əhatə edəcəyi məlum deyil. Amma bu istiqamət çox sürətlə inkişaf edəcək», - deyə o qeyd edib.
Nümunə kimi Cenkins belə xidmətlərin mümkün istifadə ssenarisini təsvir edib. Onun sözlərinə görə, istifadəçi süni intellektə qorunan ödəniş məlumatlarını, üstünlüklərini, alış tarixçəsini və loyallıq proqramları barədə informasiyanı təqdim edə, həmçinin icazə verilən satıcıları və ya xərcləmə limitlərini müəyyən edərək məhdudiyyətlər qoya biləcək. Bu isə süni intellektə sahibinin fərdi seçimlərini nəzərə alaraq qərarlar qəbul etməyə imkan verəcək.
Bununla yanaşı, Cenkins vurğulayıb ki, agent kommersiyasının kütləvi şəkildə yayılması bir sıra texnoloji, davranış və hüquqi məsələlərin həllini tələb edir.
«Bu gün internet insanlar üçün yaradılıb, süni intellekt agentləri üçün yox. Agentlərin rəqəmsal ticarətlə təhlükəsiz qarşılıqlı əlaqəsini təmin edəcək yeni standartlara, protokollara və interfeyslərə ehtiyac var. Bundan əlavə, istifadəçilərin alış-verişin süni intellekt tərəfindən həyata keçirilməsinə alışması üçün vaxt lazım olacaq. Süni intellekt alış zamanı səhvə yol verərsə, məsuliyyət qaydalarının müəyyənləşdirilməsi də az əhəmiyyət daşımır», - deyə o bildirib.
Mövcud çağırışlara baxmayaraq, Cenkins əminliyini ifadə edib ki, agent kommersiyası vaxtilə elektron və mobil ticarətin yaratdığı təsir qədər mühüm bir mərhələyə çevriləcək.
«Bu qaçılmazdır. Agent kommersiyası istehlakçıların rəqəmsal ticarətlə qarşılıqlı əlaqəsini köklü şəkildə dəyişəcək. Əgər sektor indidən lazımi texnologiyalara və infrastruktura investisiya yatırmağa başlasa, bu dəyişikliklər bazarın bütün iştirakçıları üçün faydalı olacaq», - deyə o yekunlaşdırıb.