Paris. Trend:
Yaxın perspektivdə steyblkoinlərin mağazalarda mal və xidmətlərin ödənişi zamanı geniş yayılması gözlənilmir. Bununla belə, onlar transsərhəd köçürmələrdə, B2B hesablaşmalarında və inkişaf etməkdə olan bazarlarda mühüm rol oynaya bilərlər.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Visa-nın qlobal bazarlar üzrə prezidenti Oliver Cenkins Parisdə keçirilən Visa Ödəniş Forumunda məlumat sessiyası zamanı deyib.
Onun sözlərinə görə, blokçeyn texnologiyası və steyblkoinlər hələ inkişafın ilkin mərhələsindədir, lakin onların beynəlxalq ödənişləri transformasiya etmək potensialı böyük olaraq qalır.
«Biz hələ yolun başlanğıcındayıq. Potensial çox böyükdür və Visa olaraq bu istiqamətin inkişafına nikbin baxırıq. Steyblkoinlər qlobal ödəniş sisteminin gələcək arxitekturasının vacib hissəsinə çevrilə bilər», - deyə Cenkins bildirib.
O qeyd edib ki, Visa öz rolunu kriptoaktivlər ekosistemi ilə ənənəvi maliyyə sistemi arasında körpü kimi görür.
«Biz özümüzü kriptovalyutalar və steyblkoinlər dünyası ilə fiat valyutalar dünyası arasında körpü hesab edirik. Visa məhz bu rolu bütün sənaye üçün oynaya bilər», - deyə o vurğulayıb.
Cenkinsin sözlərinə görə, şirkət steyblkoinlərin ən böyük potensialını milli valyutaları qeyri-sabit olan inkişaf etməkdə olan bazarlarda, transsərhəd köçürmələrdə, korporativ ödənişlərdə, eləcə də kriptovalyuta və steyblkoin cüzdanlarına bağlı kartların inkişafında görür.
«Belə kartlar istifadəçilərə vəsaitləri kriptovalyuta və ya steyblkoinlərdə saxlanılsa belə, Visa-nın qəbul edildiyi hər yerdə ödəniş etməyə imkan verir. Bu halda Visa rəqəmsal aktivlərlə ənənəvi maliyyə sistemi arasında körpü rolunu oynayır», - deyə o bildirib.
Bununla yanaşı, Cenkins hesab edir ki, yaxın gələcəkdə steyblkoinlər pərakəndə ticarətdə kütləvi ödəniş alətinə çevrilməyəcək.
«Düşünmürəm ki, steyblkoinlər mağaza kassalarında geniş istifadə olunacaq. Onlar istehlakçı ödənişlərində mövcud hər hansı problemi həll etmir. Onların əsas tətbiq sahələri transsərhəd əməliyyatlar, B2B ödənişləri və inkişaf etməkdə olan bazarlardır», - deyə o bildirib.
O əlavə edib ki, texnologiyanın geniş tətbiqi üçün blokçeyn infrastrukturunun daha da inkişaf etdirilməsi, o cümlədən şəbəkələrin təhlükəsizliyi, məhsuldarlığı və məxfiliyinin artırılması, rəqəmsal cüzdanların, açarların idarə edilməsi sistemlərinin və steyblkoinlərlə işləmək üçün sənaye həllərinin təkmilləşdirilməsi vacibdir.
«Biz böyük potensial görürük, lakin bu texnologiyanın kütləviləşməsinə qədər hələ çox iş görülməlidir», - deyə Cenkins yekunlaşdırıb.