Bakı. Trend:
Azərbaycanda tənzimləyici "sandbox" çərçivəsində 35-dən çox innovativ maliyyə məhsulu təqdim olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi deyib.
Onun sözlərinə görə, bu gün rəqəmsal maliyyə xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və bir çox bank əməliyyatları artıq filiala getmədən həyata keçirilir.
"Bir neçə il əvvəl rəqəmsallaşma və rəqəmsal maliyyə xidmətlərindən danışanda gələcəyi müzakirə edirdik. Bu gün isə artıq həmin gələcəkdə yaşayırıq. Texnologiyaların inkişafı ilə yanaşı, istifadəçilərin gözləntiləri də dəyişib və onlar daha sürətli, əlçatan və rahat maliyyə xidmətlərinə üstünlük verirlər.
Bu şəraitdə Mərkəzi Bankın rolu da dəyişir. Maliyyə sabitliyinin təmin olunması və bazarın tənzimlənməsi ilə yanaşı, AMB innovativ mühitin formalaşdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir", - deyə o bildirib.
F.Tofidi innovasiyaların inkişafı ilə risklərin idarə olunması arasında balansın qorunmasının vacibliyini də vurğulayıb.
Departament direktoru xatırladıb ki, 2024-cü ildən Azərbaycanda cari il başa çatan üçillik Maliyyə Sektorunun İnkişaf Strategiyası həyata keçirilir.
Onun sözlərinə görə, Mərkəzi Bank artıq növbəti strateji dövrə hazırlıq işlərinə başlayıb.
F.Tofidi son illərin ən mühüm nailiyyətlərindən biri kimi yeni maliyyə məhsul və xidmətlərinin bazara tam çıxarılmasından əvvəl sınaqdan keçirilməsinə imkan verən xüsusi tənzimləyici rejimin ("sandbox") istifadəyə verilməsini qeyd edib.
"Mərkəzi Bank yeni məhsul və ya xidmət üçün müvəqqəti icazə verir və sınaq mühiti yaradır. Həll uğurlu olarsa, onu geniş bazara çıxarmaq, zərurət yaranarsa isə qanunvericiliyə dəyişiklik etmək və ya yeni normativ qaydalar hazırlamaq mümkündür. Son iki il ərzində bu mexanizm çərçivəsində Mərkəzi Banka 35-dən çox yeni maliyyə məhsulu ilə bağlı müraciət daxil olub.
Əlbəttə, bütün müraciətlər təsdiqlənməyib. Lakin hesab edirəm ki, bu, kifayət qədər yaxşı göstəricidir", - deyə o əlavə edib.