Hamburq. Trend:
Hamburqda AZAL-a ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimində “Azərbaycan Hava Yolları” QSC-nin baş kommersiya direktoru Cəmil Manizadə çıxış edib.
Trend-in xüsusi müxbirinin məlumatına görə, o bildirib ki, A321neo aviaşirkətin inkişaf tarixində yeni səhifə açır və modernizasiya strategiyasının mühüm tərkib hissəsinə çevriləcək.
Manizadə qeyd edib ki, bu təyyarə sadəcə donanmaya əlavə olunan yeni hava gəmisi deyil, AZAL-ın uzunmüddətli inkişaf strategiyasının real nəticəsidir.
Onun sözlərinə görə, aviaşirkətin əsas hədəfləri donanmanın yenilənməsi, əməliyyat səmərəliliyinin artırılması, sərnişin komfortunun yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunmasıdır.
O vurğulayıb ki, A321neo ailəsi AZAL-ın gələcək vizyonuna tam uyğun gəlir və bu təyyarələr daha uzaq məsafəli reyslərin həyata keçirilməsinə, daha effektiv əməliyyatlara və daha yüksək xidmət keyfiyyətinə imkan yaradır.
Manizadə layihənin həyata keçirilməsində iştirak edən Airbus şirkətinə, AerCap lizinq şirkətinə və bütün tərəfdaşlara təşəkkür edib və bu əməkdaşlığın yüksək peşəkarlığın nəticəsi olduğunu bildirib.
O əlavə edib ki, yeni təyyarənin qəbulu AZAL üçün yeni inkişaf mərhələsinin başlanğıcını simvolizə edir və yaxın gələcəkdə donanmanın daha çox A321neo təyyarəsi ilə genişlənəcəyi gözlənilir.
Sonda Manizadə bu hadisənin həm aviaşirkət, həm də ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq iştirakçılara təşəkkürünü bildirib.