Bakı. Trend:
"PAŞA Bank" IPO-su 129% tələbatla başa çatdı, 18 minə yaxın yeni səhmdar qazandı.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov Bakı Fond Birjasında baş tutan "PAŞA Bank” ASC səhmlərinin kütləvi təklifi üzrə emissiyanın qeyd olunması və səhmlərlə təkrar bazar əməliyyatlarının başlanmasına həsr olunmuş “Açılış Zəngi” mərasimində deyib.
Murad Süleymanov bildirib ki, "PAŞA Bank"ın IPO-su investorlar tərəfindən böyük maraqla qarşılanıb və abunəlik 129 faiz "oversubscription" səviyyəsində başa çatıb.
Onun sözlərinə görə, IPO nəticəsində bankın təxminən 17 960 yeni səhmdarı formalaşıb.
"Abunəlik dövründə ümumi tələbat 66 milyon manat təşkil edib. Biz kapitalımızın 5 faizini bazara təklif etmişdik, lakin təklifdən daha çox tələb yarandı. Nəticədə 932 min 926 ədəd səhm yeni səhmdarlar arasında yerləşdirildi. Yerləşdirmənin ümumi həcmi 51,3 milyon manat olub", - deyə o vurğulayıb.
M.Süleymanov qeyd edib ki, IPO zamanı bütün investorlar üçün vahid qiymət prinsipi tətbiq olunub.
"Bu, bizim IPO-da seçdiyimiz xüsusi yanaşmalardan biri idi. Məqsəd prosesi investorlar üçün daha sadə və anlaşılan etmək, eyni zamanda maksimum sayda investorun iştirakını təmin etmək idi. Yerləşdirmələr üzrə orta investisiya məbləği 2 857 manat təşkil edib", - deyə o əlavə edib.
Baş Maliyyə inzibatçısı bildirib ki, bank IPO zamanı səhmlərin mümkün qədər geniş investor kütləsinə çatdırılmasını əsas strateji hədəf kimi müəyyənləşdirib.
"Bu məqsədlə yerləşdirmədə prioritet səviyyələr tətbiq olundu. Nəticədə yerləşdirilən vəsaitin 87 faizi fiziki şəxslərin payına düşdü. Bu mexanizm özünü doğrultdu və gözlənilən nəticəni verdi", - deyə o qeyd edib.
Onun sözlərinə görə, sifarişlərin təxminən 90 faizi "PAŞA Kapital" vasitəsilə daxil olub.
M.Süleymanov rəqəmsal kanalların IPO prosesində mühüm rol oynadığını da vurğulayıb.
"Qısa müddətdə "PAŞA Bank"ın mobil tətbiqi səhmlərin alınması üzrə sifarişləri qəbul edə biləcək şəkildə təkmilləşdirildi. Bu böyük komandanın birgə əməyinin nəticəsi idi və öz bəhrəsini verdi. Təkcə bankın mobil tətbiqi vasitəsilə 18 milyon manatlıq sifariş daxil olub", - deyə o bildirib.
O əlavə edib ki, məbləğ baxımından yerləşdirmələrin 55 faizi rəqəmsal kanallar, 45 faizi isə fiziki kanallar vasitəsilə həyata keçirilib.
"Sifariş sayına görə isə yerləşdirmələrin 81 faizi rəqəmsal kanalların payına düşüb. Bu, əlçatanlıq strategiyamızın uğurla işlədiyini göstərən ən bariz göstəricilərdən biridir", - deyə M.Süleymanov qeyd edib.
İnvestor demoqrafiyasına toxunan bank rəsmisi bildirib ki, IPO iştirakçılarının, demək olar ki, hamısı fiziki şəxslər olub.
"Yerləşdirmələr üzrə investorların 99,99 faizi fiziki şəxslərdir. Cəmi 18 hüquqi şəxs investor iştirak edib. Bununla yanaşı, 17 min 942 nəfər unikal fiziki şəxs investor "PAŞA Bank"ın yeni səhmdarı olub", - deyə o əlavə edib.