Hamburq. Trend:
Almaniyanın Hamburq şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) "AerCap" şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təchiz edilən ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi münasibətilə təşkil olunan mediatur çərçivəsində iştirakçılar Airbus şirkətinin istehsal gücləri ilə tanış olublar.
Trend-in xüsusi müxbiri xəbər verir ki, jurnalistlər üçün "Airbus"un istehsal xətləri üzrə ekskursiya təşkil olunub, "A320" və "A350" təyyarələri ailələrinin yığım sexlərinə baxış keçirilib. Mediatur iştirakçılarına hava gəmilərinin istehsalının əsas mərhələləri, o cümlədən konstruksiyaların yığılması, avadanlıqların quraşdırılması və son montaj xəttinin işi təqdim olunub.
Hamburqda "Airbus"un Tuluzadan sonra ikinci ən böyük zavodu yerləşir. Burada "A320" ailəsinə aid təyyarələr üçün dörd istehsal xətti fəaliyyət göstərir. Zavodda A320 təyyarələrinin istehsalı və son montajı, eləcə də "A330" və "A350" təyyarələrinin bəzi hissələrinin hazırlanması həyata keçirilir.
Burada istehsal prosesi üç mərhələdə aparılır.
Birinci mərhələ — fyuzelyaj konstruksiyasının yığılmasıdır.
Bu mərhələdə təyyarənin əsas “karkas” hissəsi formalaşdırılır. Fyuzelyajın üç əsas bölməsi — ön, mərkəzi və quyruq hissələri yığılır və daha sonra vahid konstruksiyada birləşdirilir. Məhz bu mərhələdə təyyarənin əsas forması və daşıyıcı quruluşu yaradılır.
İkinci mərhələ — avadanlıqların və sistemlərin quraşdırılmasıdır.
Karkas yığıldıqdan sonra bütün daxili sistemlərin quraşdırılması mərhələsi başlayır. Bu zaman boru xətləri, kabellər, şlanqlar çəkilir, pəncərələr və qapılar quraşdırılır. Həmçinin sərnişinin hazır təyyarədə görmədiyi, kabinənin daxili panelləri və üzlükləri arxasında yerləşən bütün avadanlıqlar da bu mərhələdə quraşdırılır.




