Suriya prezidentinin administrasiyası Suriya Demokratik Qüvvələri (SDF) ilə Həsəkə vilayətinin gələcəyi ilə bağlı razılaşmanın əldə olunduğunu bəyan edib.
Modern.az xəbər verir ki, razılaşmaya əsasən, SDF tərəfi inteqrasiya ilə bağlı detallı planı təqdim etmək üçün dörd gün müddətində məsləhətləşmələr aparacaq. Suriya hərbi qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə daxil olmayacaq, yalnız ətraf ərazilərdə mövqe tutacaq.
Kürd kəndlərində Suriya ordusunun hərbi mövcudluğu olmayacaq və təhlükəsizlik yerli qüvvələr tərəfindən təmin ediləcək.
Razılaşmaya əsasən, SDF-nin rəhbəri Mazlum Abdi müdafiə nazirinin müavini, Həsəkə qubernatoru və parlamentlə dövlət xidmətlərində təmsilçilik üçün namizədlər irəli sürəcək. SDF-nin bütün hərbi və təhlükəsizlik strukturları Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiya ediləcək, mülki qurumlar isə dövlət strukturlarına birləşdiriləcək. Həmçinin kürdlərin dil, mədəni və vətəndaş hüquqlarına dair 13 saylı fərmanın icrası nəzərdə tutulur. Razılaşmanın həyata keçirilməsinə bu gündən start verildiyi bildirilib.
Suriya ordusu yanvarın 20-si saat 20:00-dan etibarən Suriya Ərəb Ordusunun bütün əməliyyat sektorlarında atəşkəs elan etdiyini açıqlayıb. Ordunun müraciətində bildirilir ki, qərar qəbul edildiyi tarixdən etibarən dörd gün müddətində qüvvədə olacaq və bu addım Suriya dövləti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında elan olunmuş razılaşmalara, eləcə də milli səylərin uğurla həyata keçirilməsinə xidmət edir. Müdafiə Nazirliyi vurğulayıb ki, Suriya ordusu ölkə əhalisinin bütün təbəqələri üçün təhlükəsizlik və sabitliyin qorunması istiqamətində səylərini davam etdirəcək.