Bakı. Trend:
Suriya və Dünya Bankı Qrupu ərəb respublikasının bərpasına dəstək məqsədilə çoxtərəfli donor fondunun yaradılması barədə razılığa gəliblər. Bu barədə tərəflərin birgə bəyanatında bildirilib.
Bəyanat "SANA" agentliyi tərəfindən dərc olunub.
“Suriya Ərəb Respublikası və Dünya Bankı Qrupu Suriyanın bərpası və yenidən qurulmasına dəstək üzrə Etimad Fondunun (START) yaradılması barədə razılığa gəldiklərini elan ediblər”, - deyə sənəddə qeyd olunub.
Fond güzəştli maliyyələşdirmənin, investisiya zəmanətlərinin və texniki dəstəyin təmin edilməsi, eləcə də ölkənin institusional potensialının gücləndirilməsi məqsədi daşıyır.
Fond Suriya hakimiyyətinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq Dünya Bankı tərəfindən donorlar və inkişaf tərəfdaşları ilə birgə idarə olunacaq. Bu mexanizm beynəlxalq dəstəyin səfərbər edilməsinə və iqtisadi bərpanın, yenidənqurmanın və institusional islahatların sürətləndirilməsi üçün yardımın əlaqələndirilməsinə xidmət edəcək.