İran prezidenti Məsud Pezeşkian ölkədəki internet məhdudiyyətlərinin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Modern.az-ın məlumatına görə, Pezeşkıan Nazirlər Kabinetinin iclasında bununla bağlı çıxış edib. O, qeyd edib ki, onlayn biznesi dəstəkləmək və ünsiyyətdəki maneələri azaltmaq üçün internetə giriş məhdudiyyətlərinin mümkün qədər tez götürülməsini tövsiyə edir.
Pezeşkian rəqəmsal iqtisadiyyat nümayəndələri ilə görüşdən sonra bu təklifi Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə çatdırdığını və internet məhdudiyyətlərinin yumşaldılmasının onlayn biznesi dəstəkləmək və iqtisadi fəaliyyəti yaxşılaşdırmaq üçün vacib olduğunu vurğulayıb.
Ali Milli Təhlükəsizlik Şurasında aparılan məsləhətləşmələrə və İranın ali lideri Xamenei ilə görüşünə toxunan prezident son etirazlarla əlaqədar həbs olunanların məhkəmə işlərinə yenidən baxılması məsələsindən də danışıb. O bu cür işlərin araşdırılmasında son dərəcə dəqiqlik və ədalətliliyin vacibliyini vurğulayıb və əlavə edib ki, hadisələrdə əsas rol oynamayanlara qarşı mərhəmət göstərilməli, qatillərin və təşkilatçıların işləri isə müəyyən edilmiş məhkəmə və təhlükəsizlik prosedurları çərçivəsində araşdırılmalıdır. Pezeşkian heç kimin hüquqlarının pozulmamalı olduğunu vurğulayıb.
Prezident həmçinin etirazlar və iğtişaşlara qarşı kəşfiyyat, təhlükəsizlik, əməliyyat yanaşmalarının hərtərəfli nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
O, universitetlərin, sosioloqların və vətəndaş cəmiyyəti təşkilatlarının mütəxəssislərinin iştirakı ilə idarəetmə və əməliyyat çatışmazlıqlarının nəzərdən keçirilməsinə və düzəldilməsinə çağırıb. Pezeşkian gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün həm zəif, həm də güclü tərəflərin müəyyən edilməsinin vacibliyini söyləyib.
Bəzi dünya liderlərinin, xüsusən də ABŞ, İsrail və onların tərəfdarlarının davranışlarını tənqid edən İran prezidenti ölkədəki son hadisələrə beynəlxalq reaksiyanı şübhə altına alıb. Pezeşkian "dünyanın istənilən yerində mülki şəxslərə, bazarlara və ibadət yerlərinə hücumlar necə haqlı ola bilər" sualını səsləndirib.
İranda son iğtişaşlardan sonra internetə çıxış kəsilib.